“Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik”. Mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş mərasimdə çıxış edən dövlət başçısı İlham Əliyev belə deyib.
Prezident Azərbaycanda sabitliyin təmin olunduğunu, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndiyini vurğulayıb: “Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi.
Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul edib, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu bizim böyük diplomatik və siyasi uğurumuzdur.
Münaqişə ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşayıb-yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında öz həllini tapmalıdır. Bu, yeganə yoldur və biz bu yolla gedirik və gedəcəyik.
Eyni zamanda ordunun gücünü artırırıq. Bu gün Azərbaycan beynəlxalq reytinqlərə əsasən, dünya miqyasında ordu potensialına görə 50 ölkə arasındadır. Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq”.
İlham Əliyev deyib ki, dünya və bölgə dəyişir, yeni çağırışlar meydana çıxır: “15-20 il bundan əvvəl olan vəziyyət bu gün tamamilə fərqlidir. Bölgənin, dünyanın geosiyasi mənzərəsi tam fərqlidir və biz buna hazır olmalıyıq. Ona görə hər bir məsələ ilə bağlı biz çox operativ və çevik fəaliyyət göstərməliyik və göstəririk. Ölkəmizin maraqlarını müdafiə etməliyik. Bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq. Bu, asan məsələ deyil. Çünki hər birimiz yaxşı bilirik ki, dünyada gərginlik çoxalır, beynəlxalq hüququn normaları pozulur, bu normalara məhəl qoyulmur və ölkələr arasında gərginlik artmaqdadır. Ona görə bizim əsas məqsədimiz uğurlu xarici siyasətdən istifadə edərək ölkəmiz üçün mövcud olan və gələcək mümkün riskləri azaltmaqdır. Biz bu istiqamətdə fəal işləyirik.
Uzun illərdir Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək.
Sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Dünyaya, beynəlxalq mənzərəyə baxın. Harada ki, sabitlik pozulur, ölkələr geriyə gedir, idarəolunmaz vəziyyətə düşür, ölkələrdə xoşagəlməz proseslər başlayır, xarici təsir artır, daxili çəkişmələr baş verir və ölkələr öz gələcəyini itirir. Son illər ərzində sabitliyi pozulan ölkələrin bugünkü mənzərəsinə nəzər salın. Nə görəcəyik? Müharibə, qardaş qanının tökülməsi, dağılmış şəhərlər, sıradan çıxmış infrastruktur, iflic vəziyyətə düşmüş sənaye, milyonlarla qaçqın-köçkün, çadır şəhərcikləri.
Yadımıza 1990-cı illərin əvvəllərini salaq. Nələr baş verirdi? Azərbaycan idarəolunmaz vəziyyətdə idi, Azərbaycan müstəqil siyasət apara bilmirdi. Müxtəlif çaxnaşmalar, toqquşmalar ölkəmizi tamamilə iflic vəziyyətə salmışdı. Bundan istifadə edən Ermənistan torpaqlarımızı zəbt etdi. Əgər o vaxt Azərbaycanda sabitlik olsaydı və əgər o vaxt Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanın rəhbəri olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Ona görə biz bilməliyik ki, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir. Azərbaycanda sabitlik möhkəm qorunur. Düzdür, bəzi cəhdlər göstərilir, tam iflasa düçar olmuş bəzi qruplaşmalar, hansılar ki, Azərbaycanı 1990-cı illərdə bərbad vəziyyətə qoydular, həmin dəstələr yenə də nə isə əldə etməyə çalışırlar. İndi onların mübarizə üsulu yalan, şər, böhtan, uydurma, iftiradır. Onların bundan başqa mübarizə üsulu yoxdur və müxtəlif media vasitələrindən istifadə edərək ölkəmizə qara yaxırlar. Həm ölkə daxilində, həm də xaricdə çox eybəcər bir mənzərə yaratmağa çalışırlar. Azərbaycan xalqı onları yaxşı tanıyır. Məhz onlar Azərbaycanı bərbad vəziyyətə qoydular, onlar ölkəmizi dağıtdılar, onlar vətəndaş müharibəsinə start verdilər, qardaş qanı tökdülər. Azərbaycan xalqı heç vaxt imkan verməz ki, antimilli, xəyanətkar ünsürlər Azərbaycanda nə isə əldə etsinlər. Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir.
Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik. Əldə edilmiş nəticələr tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq. Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumlarda yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Əgər belə olmasaydı, milyardlarla dolları Azərbaycana kredit şəklində verərdilərmi? Əlbəttə ki, yox.
İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Biz əmək haqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq. Biz hələ islahatların növbəti mərhələsinin başlanğıcındayıq və bu ilin dörd ayının yekunları deməyə əsas verir ki, çox böyük nəticələr əldə edilir. Bu bizə imkan verir ki, sosial sahəyə həm maddi təminat, həm də islahatlar baxımından daha böyük diqqət göstərilsin”.