Mətbuat Şurası jurnalist Elmar Hüseynovun qətlinin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi işinin sürətləndirilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ünvanlayıb.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 37 yaşında, 2005-ci il martın 2-də Bakıda odlu silahla qətlə yetirilib.
İstintaq işini 10 ildən çox Milli Təhlükəsizlik Nazirliyi araşdırıb. Qətldən az sonra Azərbaycanın hüquq mühafizə orqanları cinayətdə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıblar.
Azərbaycanın bir sıra rəsmiləri müxtəlif vaxtlarda bəyan ediblər ki, Gürcüstan tərəfi Əliyev və Xubanovun Azərbaycana təhvil verilməsindən imtina edir. Eyni zamanda Azərbaycan rəsmiləri bəyan ediblər ki, Əliyevlə Xubanov İnterpol xətti ilə beynəlxalq axtarışdadırlar.
Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ilin sonunda ləğv olunub, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Mətbuat Şurasının müraciəti DTX-nin rəisi, general-polkovnik Mədət Quliyevə ünvanlanıb.
Müraciətdə deyilir ki, 2019-cu il mayın 3-də Mətbuat Şurası Beynəlxalq Mətbuat Azadlığı Günü ilə əlaqədar Bakıda “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” adlı konfrans keçirib. Konfransda KİV rəhbərləri, media ekspertləri və jurnalist birliklərinin təmsilçiləri iştirak ediblər: “Onlar qərara gəliblər ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin araşdırılması sürətləndirilməli və cinayəti törədənlər tezliklə tapılmalı, layiqli cəzalarını almalıdırlar”.
Mətbuat Şurasının general-polkovnik Mədət Quliyevə müraciətində Elmar Hüseynovun qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu vurğulanır və bildirilir ki, jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir: “Bu mənada müəyyən siyasi qüvvələrin günahkarların hələ də tapılıb cinayət məsuliyyətinə cəlb edilməməsi səbəbi ilə manipulyasiyalara yol vermələri də narahatlıq doğurmaqdadır”.
Müraciətdə DTX-nin ölkə jurnalistikası üçün böyük önəm daşıyan məsələyə həssas yanaşacağına inam ifadə olunur.