2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyəti yalnız bir aksiyanı sanksiyalaşdırıb. Yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) mitinq keçirib. Həmin aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb.
Paytaxt hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda siyasi və sosial islahatlar tələbi ilə keçirmək istədiyi mitinqlərə razılıq verməyib. İmtinalar Milli Şuranın 19 yanvar mitinqindən sonra ictimai asayişin pozulması ilə əsaslandırılıb. Qeyd olunub ki, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunun yerləşdiyi ərazinin sakinləri və paytaxt polisi aksiyalar zamanı ictimai asayişin pozulmasından narahatlıq ifadə etdiyi üçün mitinqlər məqsədəuyğun sayılmır.
Beləliklə, 2019-cu ildə Milli Şuranın 7 mitinqinə icazə verilməyib.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.
Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsi (İdarə Heyətində İlham İsmayıl, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Tural Abbaslı, Əvəz Zeynallı və başqaları təmsil olunurlar) 2018-ci il sentyabrın 29-da Yasamaldakı İdman-Sağlamlıq Kompleksinin stadionunda “Qarabağa azadlıq!” devizi ilə sanksiyalaşdırılmış mitinq keçirib. Paytaxt hakimiyyəti komitənin eyni məkanda noyabrın 24-nə, dekabrın 15-nə təyin etdiyi mitinqlərə razılıq verməyib. İmtina məktublarında qeyd olunub ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş apardığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.
Qarabağ Komitəsi 2019-cu ildə keçirmək istədiyi 3 mitinqə də (fevralın 16-sı, martın 16-sı, mayın 4-ü) eyni cür rədd cavabı alıb.
Müsavat Partiyası 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərində yürüş-mitinqlərə (“20 Yanvar” metro stansiyasından Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna yürüş və orada mitinq; Süleyman Sani Axundov küçəsindən “Dərnəgül” metro stansiyası yaxınlığındakı meydana yürüş, orada mitinq) icazə verilməsini istəyib. Aksiyalarda siyasi və sosial tələblər irəli sürmək planlaşdırılıb. Paytaxt hakimiyyəti yanvarın 12-nə və martın 10-na təyin olunmuş yürüş-mitinqləri məqsədəuyğun saymayıb. Qərar Müsavatın yürüş-mitinq üçün seçdiyi marşrutlarda nəqliyyatın sıx hərəkəti ilə əlaqələndirilib.
Müsavat Bakı Şəhər İcra Hakimiyyətindən 7 aprel aksiyası üçün müraciətə də mənfi cavab alıb. Partiya kütləvi aksiyaya paytaxtdakı 3 meydandan birinin (Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu; “Dərnəgül” metro stansiyası yanındakı meydan; Tofiq Bəhramov stadionu qarşısındakı meydan) ayrılmasını istəmişdi.