Azərbaycanın Xarici İşlər Nazirliyi Şuşanın işğalının 27-ci ili ilə əlaqədar bəyanat yayıb.
Əsası 1750-ci ildə qoyulan Şuşa əvvəl Qarabağ xanlığının paytaxtı, xanlıq ləğv ediləndən (1822-ci il) sonra Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən isə Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub.
1988-ci ildə ermənilər Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb, bölgə hissə-hissə ermənilərin əlinə keçib.
1992-ci il mayın 8-nə keçən gecə Dağlıq Qarabağda azərbaycanlıların əsas dayaq nöqtəsi olan Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib. Bununla da Dağlıq Qarabağın işğalı başa çatıb.
Hazırda ermənilər Dağlıq Qarabağ ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da işğal altında saxlayır.
Xarici İşlər Nazirliyinin 8 may bəyanatında qeyd olunur ki, işğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb: “Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycana qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb.
Şuşa Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyət daşıyır, şəhərin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.
Ermənistanın işğal olunmuş ərazilərdə abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi və onların görkəminin süni şəkildə dəyişdirilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət abidəsi və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib.
İşğalçı Ermənistan Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycanın tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönəldilən cəhdlər edir. Şuşada qeyri-qanuni məskunlaşma aparılmaqla təqribən 4 min nəfər yerləşdirilib. Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhər ağanın sifarişi ilə tikilən Yuxarı Gövhər ağa (Cümə) məscidi “bərpa” olunaraq fars məscidi kimi qələmə verilir. Bütün bunlar işğalçı tərəfin Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir.
Lakin bütün bu cəhdlərin perspektivi yoxdur. Ermənistan anlamalıdır ki, ərazilərin işğalı yalnız müvəqqəti xarakter daşıyır, Dağlıq Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq.
Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək qondarma “qələbə günü”nü qeyd etməsi növbəti təxribat olmaqla yanaşı bu ölkənin Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakını bir daha nümayiş etdirir. Ermənistan rəhbərliyinin bu addımı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il qərarında qeyd edildiyi kimi Ermənistanın ölkəmizin işğal edilmiş ərazilərində effektiv nəzarəti həyata keçirdiyini növbəti dəfə sübut edir.
Beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi birmənalıdır: BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr başda olmaqla bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi qoyulur.
Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır”.