Paşinyanın ili
- 08 May 2019
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
Ermənistan inqilabının lideri Nikol Paşinyanın hakimiyyətə gəlməsindən bir il ötür.
1975-ci ildə İcevan şəhərində doğulan Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının başçısıdır.
1990-cı illərdə Nikol Paşinyan “Dprutyun” və “Lraqir” qəzetlərində müxbir, “Molorak” nəşrində redaktor vəzifələrində çalışıb, “Oraqir” qəzetinin baş redaktoru olub.
2000-ci ildən “Aykakan jamanak” qəzetinin baş redaktoru postunu tutan Nikol Paşinyan 2008-ci ildə qırğınla nəticələnən aksiyalarda iştirakına görə cinayət məsuliyyətinə alınıb, 2009-2011-ci illərdə həbsdə yatıb.
2012 və 2017-ci illərdə parlamentin deputatı seçilən Nikol Paşinyan 2018-ci il martın 31-dən Ermənistanın bir çox şəhəri boyunca prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.
Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də istefa verib. Mayın 8-də baş nazir postuna Nikol Paşinyan keçib.
Ermənistan hökumətinə başçılıq edəndən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə dörd görüş keçirib: 2018-ci il sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə, dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində, bu il yanvarın 22-si İsveçrənin Davos şəhərində və martın 29-u Avstriyanın paytaxtı Vyanada. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin dinc həlli istiqamətində real addım atmasını gözlənirmi? Onun 1 illik fəaliyyətinə Dağlıq Qarabağ münaqişəsi baxımından nə qiymət vermək olar?
Novator.az-ın suallarını cavablandıran politoloq Elxan Şahinoğlu deyib ki, Nikol Paşinyanla İlham Əliyevin görüşlərində real nəticə ortaya çıxmayıb, sadəcə, bəzi detallar üzrə müəyyən şifahi razlaşmalar əldə olunub: “Paşinyan Qarabağ məsələsinin həllinə hazır deyil. Onun başlıca məqsədi ölkədə islahatlar aparmaqdır, çünki bu yaxınlarda maliyyə böhranı ilə üzləşə bilər.
Paşinyan atəşkəsi qorumağa səy göstərir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Biz münaqişənin köklü həllini gözləyirik. Heç olmasa mərhələli həll planının işə düşməsini, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının azad olunmasını istəyirik. Amma Paşinyan buna hazır deyil. Tam əksinə, Paşinyan işğalı davam etdirmək iddiasını ortaya qoyub. Şuşanın işğalı günü yenidən Qarabağa gəlib separatçılarla birlikdə bayram keçirəcək. Paşinyanın hakimiyyəti Qarabağ münaqişəsinin həllində irəliləyişə gətirmədi, belə bir gözlənti də yoxdur”.
Politoloq Şahin Cəfərli Novator.az-a açıqlamasında deyib ki, Azərbaycan prezidenti ilə Ermənistanın yeni hökumət başçısı arasında hələlik cəmi bir rəsmi görüş keçirilib: “Martın 29-u Vyanada keçirilən görüş hələ ki, ilk və yeganə rəsmi danışıqlardır. Ondan əvvəlki təmaslar qeyri-rəsmi, necə deyərlər, ayaqüstü olub və daha çox tanışlıq xarakteri daşıyıb.
Ötən dövrdə xarici işlər nazirləri daha intensiv görüşüblər. Biz qapalı danışıqların gedişindən xəbərsizik, amma verilən açıqlamalar, yayılan xəbərlər göstərir ki, hələlik münaqişənin həlli istiqamətində real addımların atılmasından, bizim Xarici İşlər Nazirliyinin təbirincə, problemin həlli üzrə substantiv danışıqların başlamasından bəhs edə bilmərik.
Bu o demək deyil ki, heç bir nəticə yoxdur. Əvvəla, birinci adamların Düşənbə, Sankt-Peterburq və Davos görüşləri təmas xəttində gərginliyin xeyli azalmasına və nisbi sabitliyin yaranmasına səbəb olub. Hətta Paşinyan bildirib ki, Bakı ilə İrəvan arasında rabitə yaradılıb və qısa müddətdə onlar Bakıya öz sözlərini çatdıra bilirlər. Bu onu göstərir ki, Serj Sərkisyan dövründən fərqli olaraq tərəflər arasında müəyyən dərəcədə qarşılıqlı etimad yaranmağa başlayıb. Sərkisyan bilavasitə müharibədə iştirak etmiş və dinc azərbaycanlı əhaliyə qarşı cinayətlərdə əli olan adamlardan biri idi. Paşinyanın isə əli qana batmayıb. Yəqin ki, bu amil ən azı psixoloji baxımdan onunla masaya oturulmasını və söhbət aparılmasını asanlaşdırır.
Xarici işlər nazirlərinin 2018-ci ilin dekabrında Milanda keçirilən görüşündən sonra isə məlum oldu ki, tərəflər bir qədər də irəli getməyə qərar veriblər. Həmin görüşdən sonra yayılan ortaq açıqlamalarda əhalinin sülhə hazırlanmasının əhəmiyyəti vurğulandı. Bu, uzun müddət sonra əldə olunan ilk önəmli razılaşma idi. Vyanadakı Əliyev-Paşinyan görüşündə də bu hava davam etdi, hər iki lider sülhə kömək edəcək vəziyyətin yaradılmasının, atəşkəsin möhkəmləndirilməsinin, humanitar aspektdə addımların atılmasının və birbaşa əlaqə mexanizminin təkmilləşdirilməsinin əhəmiyyətini qeyd etdilər. Bütün bunlar onu göstərir ki, hər iki lider hazırkı mərhələdə hər hansı konkret sənəd imzalamağa hazır olmasalar da, hərarəti yüksəltməyin də tərəfdarı deyillər.
Nikol Paşinyanın 1 illik hakimiyyət dövrünün Dağlıq Qarabağ münaqişəsi kontekstində dəyərləndirilməsinə gəldikdə, Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, işğalçı tərəfin siyasətində kardinal dəyişiklik yoxdur və bunu gözləməyə də dəyməz. Ermənistanda ideoloji-siyasi yönümündən asılı olmayaraq bütün siyasi qüvvələr arasında Dağlıq Qarabağın heç bir vəchlə Azərbaycana qaytarılmaması məsələsində konsensus var. Bu baxımdan Paşinyan iqtidara gəldikdən sonra İrəvanın mövqeyində yumşalma olacağını gözləmirdim, hətta əksinə, xalqdan mandat almış legitim bir hökumətin daha sərt mövqe sərgiləyə biləcəyini söyləmişdik. Belə də oldu. Dağlıq Qarabağ bir yana, bu gün erməni tərəfi ətraf rayonların geri verilməsinə də hazır deyil. Paşinyan bu məsələdə istənilən güzəştin daxildə onun əleyhinə çevrilə biləcəyini başa düşür. Onun Azərbaycana mümkün güzəştləri marginallaşmış Qarabağ klanı və daşnakların yenidən siyasi meydana qayıtmasına və revanş etməsinə şərait yarada bilər. Bu səbəbdən Paşinyan Azərbaycanla kompromisə gəlməkdə hələ ki, maraqlı deyil. Onun üçün ölkə daxilindəki sabitlik, xalqın həyat səviyyəsinin yüksəldilməsi və inqilabın konkret nailiyyətlərinin ortaya qoyulması prioritet vəzifədir. Paşinyan bundan sonra da mümkün qədər çalışacaq ki, Qarabağ məsələsi onun başını ağrıtmasın və arxa planda qalsın”.