Prezident İlham Əliyev dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılmasına fərman verib. Mayın 6-da imzalanan fərman sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi zərurəti ilə əsaslandırılıb.
Dövlətə məxsus olan hüquqi şəxs dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi; dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur. Sənəd dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslərə şamil edilmir.
Novator.az-ın məlumatına görə, dövlətə məxsus olan hüquqi şəxsin apellyasiya şurası haqqında nümunəvi əsasnamə də təsdiqlənib. Əsasnamədə apellyasiya şurasının vəzifələri belə müəyyən edilib: şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, mahiyyəti üzrə baxılmış şikayətlərə dair əsaslandırılmış yazılı qərar qəbul etmək, mahiyyəti üzrə baxılmamış şikayətlərə dair isə şikayətçiyə yazılı məktub göndərmək; şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini) və dövlətə məxsus olan hüquqi şəxsin aidiyyəti vəzifəli şəxslərini apellyasiya şurasının iclaslarına dəvət etmək; apellyasiya şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək; apellyasiya şurasında baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, ümumiləşdirmək və ildə iki dəfə (iyul ayının 15-dək və yanvar ayının 15-dək) dövlətə məxsus olan hüquqi şəxsin rəhbərinə və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına yarım illik və illik arayışlar (hesabatlar) təqdim etmək; fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq; qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin, habelə qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək; apellyasiya şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək; qanunla və prezidentin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
2016-cı il fevralın 3-də dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradıb. Qurumun sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə yaradıldığı bəyan edilib.
Başqa bir fərmanla Azərbaycan Respublikasının mərkəzi və yeri icra hakimiyyəti orqanlarında apellyasiya şuraları yaradılıb.
Prezident yanında Apellyasiya Şurasına Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev sədrlik edir.