Nazirin NATO hesabatı
- 03 May 2019
- comments
- Novator.az
- Posted in Şərh
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın NATO ilə tərəfdaşlığının 25 ili ilə bağlı yazı paylaşıb. O qeyd edir ki, 1994-cü il mayın 4-də prezident Heydər Əliyevin Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivə sənədini imzalaması ilə Azərbaycan SNT proqramına qoşulub: “Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin uğurla davam etdirdiyi bu proqram NATO ilə Azərbaycan Silahlı Qüvvələri arasında səmərəli hərbi əməkdaşlığın və uyarlığın təmin olunmasında ən uğurlu mexanizmlərdən biri kimi özünü doğruldub. NATO ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafı Azərbaycan Ordusunun hərbi əməkdaşlığının əsas prioritet istiqamətlərindən biridir. Azərbaycanla NATO arasında qurulmuş tərəfdaşlıq və müxtəlif sülhməramlı missiyalarda birgə fəaliyyət ölkəmizin Avroatlantik məkanda təhlükəsizliyi və sabitliyi təmin etmək üçün göstərdiyi səylərin və xoşməramlı niyyətimizin bariz nümunəsidir.
Azərbaycan ilk günlərdən Kosovoda və Əfqanıstanda NATO-nun başçılığı altında həyata keçirilən əməliyyatlara qatılaraq beynəlxalq sabitliyə nail olmaq üçün töhfəsini verib. Əfqanıstanda həyata keçirilən Qətiyyətli Dəstək Missiyasının bu ölkənin təhlükəsizliyi və davamlı inkişafı, o cümlədən regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətini bilərək 2018-ci ildən Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıq. Göstərilən hərbi dəstəyə əlavə olaraq Azərbaycanın Əfqanıstana töhfəsi siyasi, maddi-texniki dəstək, quru-hava tranziti, həmçinin müxtəlif treninqlər, minadan təmizləmə və maliyyə dəstəyi kimi digər qeyri-hərbi yardımları da ehtiva edir.
Biz çox yaxşı dərk edirik ki, qloballaşan dünyada hər bir böhran və ya münaqişə digər ölkələrə təsirsiz ötüşmür və bu kontekstdə Azərbaycan Avroatlantik məkanda sülhə və təhlükəsizliyə nail olmaq üçün NATO ilə əməkdaşlıq edir və bundan sonra da edəcək. Təsadüfi deyil ki, Azərbaycan Planlaşdırma və Analiz Prosesinə qoşulan ilk ölkələrdən biridir. Praktiki əməkdaşlığın təməlini təşkil edən bu mexanizm müasir ordu quruculuğunun əsaslarına söykənən müdafiə islahatlarının həyata keçirilməsinə, zəruri əməliyyat uyarlığının təmin edilməsinə və Silahlı Qüvvələrin transformasiyasına töhfə verir.
Azərbaycan Ordusu əməliyyat uyarlığına nail olmaq üçün NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramından səmərəli istifadə edir. Ordumuz 2004-cü ildə proqrama bir bölüklə qoşulub, bu gün isə bütün qoşun növlərindən olan bölmələr bu proqrama cəlb edilib. Hərbçilərimiz qazandıqları təcrübə ilə təkcə ölkə daxilində deyil, həm də digər tərəfdaş ölkələrlə bölüşərək proqramın inkişafına töhfə verirlər.
Təbii ki, hərbi sahədə müvəffəqiyyətə nail olunması əməliyyat uyarlığı səviyyəsi ilə düz mütənasibdir. Lakin dayanıqlı tərəfdaşlığın əldə edilməsi insan uyarlığının və həmfikirliyin əldə olunması ilə bağlı olan danılmaz bir faktdır. Bu kontekstdə mən NATO-nun Tərəfdaşlığın Qərargah Vəzifəsi proqramını xüsusi ilə qeyd etmək istərdim. 2002-ci ildən bu günədək Azərbaycan Ordusunun ümumilikdə 24 zabiti bu proqram çərçivəsində NATO-nun müxtəlif struktur və qərargahlarında xidmət edib. Hazırda da NATO qərargahlarında 8 zabitimiz var. Bu müddət ərzində beynəlxalq mühitdə əldə olunmuş təcrübə zabitlərimizin ölkəyə qayıtdıqdan sonra milli vəzifələrdəki xidmətlərinə müsbət təsirini göstərir. Çoxmillətli strukturlarda əldə edilmiş bilik və bacarıqlar milli təcrübəyə inteqrasiya olunaraq ordumuzun döyüş qabiliyyətinin daha da inkişaf etdirilməsinə töhfəsini verir.
Bizim NATO ilə substantiv əməkdaşlığımız alyansın təhsil və təlim standartlarının peşəkar hərbi təhsil sistemimizə inteqrasiya edilməsini də əhatə edir. On ildən artıqdır ki, Azərbaycan NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi proqramı çərçivəsində yeni çağırışlara, mürəkkəb və dinamik strateji mühitdə bütün növ təhdidlərə cavab verə biləcək liderlərin hazırlanmasını həyata keçirir.
NATO-nun müxtəlif əməkdaşlıq proqramları müsbət dəyişikliklər istiqamətində təsirli vasitə kimi özünü göstərir. Düşünürük ki, Avroatlantik məkanının ümumi sabitliyi və təhlükəsizliyi regional ölkələrin apardıqları daxili islahatlardan və beynəlxalq əməkdaşlıqdan asılıdır. Bizim yaxından iştirak etdiyimiz NATO-nun tərəfdaşlıq mexanizmləri və əməkdaşlıq proqramları Azərbaycanın, eləcə də bütün regionun müdafiə və təhlükəsizlik sahəsində islahatlar üçün çərçivənin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır və regional, o cümlədən Avroatlantik məkanın təhlükəsizliyini möhkəmləndirir.
Üzvlərinin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması baxımından alyansın tarixi müvəffəqiyyətləri SNT ölkələri də daxil olmaqla müxtəlif tərəfdaş dövlətlərin NATO ilə əməkdaşlığının başlıca amillərindən biridir. Alyans təkcə bu prinsipləri dəstəkləməklə kifayətlənmir, həm də Avroatlantik təhlükəsizliyin əsası kimi onları siyasi cəhətdən müdafiə edir. Bu kontekstdə Cənubi Qafqazdakı münaqişələrin həll edilməsi istiqamətində NATO-nun nümayiş etdirdiyi qəti mövqe təqdirəlayiqdir. Azərbaycan da ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya minnətdardır.
Avropa ilə Asiya arasında yerləşən Cənubi Qafqaz, xüsusilə Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli regiondur. Bölgədəki həll olunmamış münaqişələrin mövcudluğu Avropanın təkcə enerji təhlükəsizliyinə deyil, həmçinin sabitliyinə də böyük təhdid təşkil edir. Bu baxımdan münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT nizamnaməsinin tələblərinə uyğun həll edilməsi beynəlxalq ictimaiyyətin marağındadır”.
1949-cu ildə yaradılmış NATO-ya 29 ölkə daxildir: ABŞ, Albaniya, Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Yunanıstan.
Şimali Makedoniya da quruma üzv olmaq ərəfəsindədir.