Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov sabiq səhiyyə naziri Əli İnsanova cavab verib.
Novator.az bildirir ki, Əli Əhmədov 1953-cü ildə anadan olub. Moskva Tarix İnstitutunu bitirib. Prezidentin İcra Aparatında şöbə müdirinin müavini, Xətai Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatı olub.
Yeni Azərbaycan Partiyasında icra katibi olmaqla yanaşı sədrin müavinidir. Baş nazir müavini postunu 2013-cü ildən tutur.
Mayın 3-də özünün “Facebook” səhifəsində açıqlama yayan Əli Əhmədov prezidentin əfvi nəticəsində azadlığa çıxan Əli İnsanovun “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsinə münasibət bildirib: “Əli İnsanovun on ildən çox nazir kimi çalışdığı hakimiyyəti “diktatura” adlandırması nə məntiqə, nə insanlığa sığır. Nazir olarkən bəlağətlə hakimiyyəti tərifləyən, müxalifət nümayəndələrini isə təhqir edən Əli İnsanov indi tam əksini edir. Soruşmaq lazımdır: Əli İnsanov, sənin hansı simana inanaq? Vaxtilə müxalifəti ən ağır sözlərlə təhqir edərkən gördüyümüz simana, yoxsa indi əvvəllər sədaqətlə qulluq etdiyini dediyin hakimiyyətə böhtan atan sifətinə. Yəqin ən düzgün cavab bu olar ki, heç birinə. Buna isə simasızlıq deyirlər.
Əli İnsanov həbsdə olduğu müddətdə Azərbaycan inanılmaz dərəcədə dəyişib, gözəlləşib, müasirləşib. İnsanlar indi daha yaxşı yaşayırlar. Düşünürdüm ki, azadlığa çıxandan sonra bu dəyişiklikləri görən insan özü də dəyişməyə bilməz. Ancaq görünən budur ki, Əli İnsanova inanmaq mümkün deyil. Onun islah olunduğunu da düşünmək sadəlövhlük olardı.
Azərbaycan xalqı ölkədəki sabitliyi, təhlükəsizliyi, inkişafı yüksək qiymətləndir. İnsanlar ölkədə qarşıdurma yaradaraq inkişafa, əmin-amanlığa əngəl törətməyə çalışanları lənətləyir və onlara xalq-iqtidar birliyi ilə cavab verir”.
Əli İnsanov tibb elmləri doktorudur. Səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.
1946-cı ildə anadan olan Əli İnsanov Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Yeni Azərbaycan Partiyasının qurucularındandır. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
2005-ci ilin oktyabr ayında tutulub, iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı ilin avqustunda Əli İnsanova yeni cinayət işi qaldırılıb. İttihama görə, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, ədliyyə zabitinə zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.
2017-ci il aprelin 26-da Qaradağ Rayon Məhkəməsi Əli İnsanovu 7 il 5 gün müddətinə azadlıqdan məhrum edib və sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
2019-cu il martın 16-da sabiq nazir əfv edilib.
Mayın 2-də “Amerikanın səsi”ndə yayılan müsahibəsində Əli İnsanov yeni bir siyasi qurum yaratmaq fikrində olduğunu bildirib. O, 1946-cı ildə ABŞ-ın SSRİ-yə qarşı başladığı soyuq müharibənin tarixinə ekskurs edərək deyib ki, müharibə Sovet İttifaqının dağılması ilə başa çatıb: “Yüz minlərlə insan kommunist diktaturasından xilas oldu. Ancaq təəssüflər olsun ki, bundan sonra SSRİ-nin keçmiş bir sıra respublikalarında yerli diktaturalar yaranmağa başladı və bu, artıq 30 ilə yaxındır davam edir. Bunlardan biri də Azərbaycandır.
Hazırda biz bu diktatura rejimi ilə mübarizə aparmaqdayıq. Yaxın zamanlarda biz istədiyimiz siyasi qurumu yaratmalıyıq və mübarizəyə başlamalıyıq. Mübarizənin məqsədi Azərbaycanda insan azadlığı, insan haqlarının bərpa olunması, tapdanmış haqların insanlara qaytarılması, ədalətin ölkədə bərqərar olması, ölkəmizi məcburi tərk etmiş çox dəyərli vətəndaşlarımızın ölkəyə qayıtması, həbsxanada olan bütün siyasi məhbusların azad olunması, şərlənib həbsxanaya salınmış çox dəyərli vətəndaşlarımızın azadlığa çıxmasıdır”.