Bu il martın 17-də prezidentin əfv sərəncamı ilə həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanov “Amerikanın səsi” radiosuna müsahibə verib.
Novator.az bildirir ki, Əli İnsanov tibb elmləri doktorudur. Səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.
1946-cı il martın 22-də Ermənistanın Ləmbəli kəndində anadan olan Əli İnsanov Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Hakim Yeni Azərbaycan Partiyasının qurucularındandır. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
2005-ci ilin oktyabr ayında tutulub, iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı ilin avqustunda Əli İnsanova yeni cinayət işi qaldırılıb. İttihama görə, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, ədliyyə zabitinə zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.
2017-ci il aprelin 26-da Qaradağ Rayon Məhkəməsi Əli İnsanovu 7 il 5 gün müddətinə azadlıqdan məhrum edib və sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
2019-cu il martın 16-da sabiq nazir əfv edilib.
Mayın 2-də “Amerikanın səsi”ndə yayılan müsahibəsində Əli İnsanov həbsdə olduğu dövrdə ona mənəvi dəstək olmuş, azadlığa çıxmağı üçün çalışmış bütün azərbaycanlılara təşəkkürünü bildirib: “Bununla bağlı öz fəaliyyətlərində mənə dəstək olmuş bütün siyasi partiya liderlərinə, partiyadaşlarına, Azərbaycanda fəaliyyət göstərən bütün jurnalistlərə, hüquq müdafiə təşkilatlarına, mənim vəkillərimə, ölkədə və xaricdə yaşayan, yaradan çoxsaylı həmkarlarıma dərin təşəkkürümü bildirirəm”.
Əli İnsanov deyib ki, siyasətdən uzaqlaşmayıb və yeni bir siyasi qurum yaratmaq fikrindədir: “Çünki Azərbaycanın bugünkü durumu bunu çox ciddi tələb edir”.
Sabiq nazir 1946-cı ildə ABŞ-ın SSRİ-yə qarşı başladığı soyuq müharibənin tarixinə ekskurs edərək deyib ki, müharibə Sovet İttifaqının dağılması ilə başa çatıb: “Yüz minlərlə insan kommunist diktaturasından xilas oldu. Ancaq təəssüflər olsun ki, bundan sonra SSRİ-nin keçmiş bir sıra respublikalarında yerli diktaturalar yaranmağa başladı və bu, artıq 30 ilə yaxındır davam edir. Bunlardan biri də Azərbaycandır.
Hazırda biz bu diktatura rejimi ilə mübarizə aparmaqdayıq. Azərbaycanda sərbəst fəaliyyət göstərmək, azadlıq, demək olar ki, yox dərəcəsindədir. Mən həbsxanadan çıxandan bəri dörd-beş maşın evimin ətrafında növbə çəkir. Onlar məni bir yana çıxanda, hətta qəbiristanlığa gedəndə belə müşayiət edirlər. Sonra mənimlə geri qayıdırlar, 24 saat müşahidəyəm. Yəni faktiki ev dustaqlığındayam. Mənim yanıma gələn insanlar prokurorluğa, polisə çağırılır, təhdid olunur, qorxudulur. Belə bir vəziyyətdə, əlbəttə ki, mənim geniş təmas qurmaq imkanım məhdudlaşır. Amma bunlar mübarizə aparmaq əzmimizi sındıra bilmir.
Heç şübhə etmirəm ki, yaxın zamanlarda biz istədiyimiz siyasi qurumu yaratmalıyıq və mübarizəyə başlamalıyıq. Mübarizənin məqsədi Azərbaycanda insan azadlığı, insan haqlarının bərpa olunması, tapdanmış haqların insanlara qaytarılması, ədalətin ölkədə bərqərar olması, ölkəmizi məcburi tərk etmiş çox dəyərli vətəndaşlarımızın ölkəyə qayıtması, həbsxanada olan bütün siyasi məhbusların azad olunması, şərlənib həbsxanaya salınmış çox dəyərli vətəndaşlarımızın azadlığa çıxmasıdır.
Ən böyük arzularımızdan biri Azərbaycan xalqına firavan həyat bəxş etməkdir. Azərbaycan sərvətləri ilə hər bir vətəndaşı varlı bir insan çevirə bilər. Marqaret Tetçer deyirdi ki, varlı ingilis vətəndaşı, varlı İngiltərə deməkdir. Mən güman edirəm ki, biz buna nail ola bilərik. Bizim yaradacağımız siyasi qurum müxalif yönlü, Qərbyönlü olacaq”.
Əli İnsanov əlavə edib ki, Azərbaycanda çoxlu siyasi qurum fəaliyyət göstərir: “Mən istəyirəm ki, onların hər biri daha güclü olsun. Biz də bir qurum yaradacağıq. Birləşmək şərt deyil. Əməkdaşlıq eləmək lazımdır. Milli Şura və digər qurumlarla əməkdaşlıq etməyə hazıram. Sadəcə, biz də öz qurumumuzu yaradaq, sonra kollektiv şəkildə əməkdaşlığa başlayaq”.
Sabiq nazir Azərbaycanın xarici siyasətindən danışarkən Avropaya inteqrasiyanı vacib saydığını qeyd edib: “Azərbaycanın yeganə yolu Avroatlantik məkandır. Biz Avropa sərhədlərində, həqiqətən Avropa İttifaqı sərhədlərində yaşasaq, o coğrafiyaya düşə bilsək, Azərbaycanın suverenliyi də, təhlükəsizliyi də təmin oluna bilər. Biz rahat yaşayarıq. Bu, mütləqdir. İlham Əliyev bu gün referendum elan etsə ki, mən Azərbaycanı Avropaya aparıram, mən onu dəstəkləyərəm”.