Ramil Usubovun daxili işlər naziri təyin olunmasının 25 ili tamamlanıb. Novator.az bildirir ki, 101 il əvvəl yaradılmış daxili işlər orqanına Ramil Usubova qədər 26 nəfər başçılıq edib.
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə 6 şəxs nazir olub: Fətəli xan Xoyski, Behbud xan Cavanşir, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Məmmədhəsən Hacınski, Mustafa bəy Vəkilov.
1920-1991-ci illəri əhatə edən sovet dövründə 15 nəfər nazir postunda çalışıb (ayrı-ayrı vaxtlarda daxili işlər və təhlükəsizlik orqanları bir strukturda birləşdirilib): Həmid Sultanov, Mircəfər Bağırov, Novruz Rizayev, Stepan Yemelyanov, Mirteymur Yaqubov, Ağasəlim Atakişiyev, Anatoli Quskov, İvan Buliqa, Əli Kərimov, Xəlil Məmmədov, Məmməd Əlizadə, Arif Heydərov, Cəfər Vəliyev, Aydın Məmmədov, Məhəmməd Əsədov.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən 1994-cü ilə qədər 5 nəfər daxili işlər naziri təyin edilib: Tofiq Kərimov, Tahir Əliyev, İsgəndər Həmidov, Abdulla Allahverdiyev, Vaqif Novruzov.
27-ci nazir – Ramil Usubov daxili işlər orqanının rəhbəri postuna 1994-cü il aprelin 29-da gətirilib.
Əvvəlki nazirlərdən yalnız biri 10 ildən artıq postda qalıb: Stepan Yemelyanov. O, daxili işlər orqanına 12 ilə yaxın rəhbərlik edib.
Ağasəlim Atakişiyev 10 ilə yaxın, Cəfər Vəliyev 9 ilə yaxın, Arif Heydərov 8 ildən bir az çox nazir olub.
Ramil Usubov 1948-ci il dekabrın 22-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı kəndində anadan olub. Bakı Xüsusi Orta Milis Məktəbini və SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib.
1970-ci ildə daxili işlər orqanlarına qəbul olunan Ramil Usubov xidmətin ilk illərində Şuşada çalışıb.
1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı Şəhər-Rayon Milis Şöbəsinin rəisi olub.
1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.
1989-cu ildən Ramil Usubov Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəisi, 1991-ci ildən Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-ci ildən Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrini tutub.
11 avqust 1993-cü ildə yenidən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub.
Azərbaycan prezidentinin 29 aprel 1994-cü il fərmanı ilə ölkənin daxili işlər naziri təyin edilib.
1994-cü ildə general-mayor, 1995-ci ildə general-leytenant, 2002-ci ildə general-polkovnik ali hərbi rütbəsi alıb.
1998-ci ildə “Azərbaycan bayrağı” ordeni, 2018-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri ilə təltif olunub.