Nazirlər Kabinetinin 30 aprel iclasında çıxış edən prezident İlham Əliyev birinci rübdə büdcə daxilolmalarının 200 milyon manatdan çox artdığını deyib: “Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni gömrük sahəsində əldə etmişik. Vergi orqanları qeyri-neft sektorundan daha çox – 136 milyon manat vergilər toplaya biliblər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik, bu vəsaiti ilk növbədə sosial sahəyə yönəldə bildik.
İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. İlin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artıb. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artıb. Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir – 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb”.
Siyasi məsələlərə toxunan dövlət başçısı qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi dəyişməzdir: “Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq.
Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrlərinin martın 9-da verdiyi açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik”.
İlham Əliyev yekun nitqində ölkədəki makroiqtisadi vəziyyətin sabit olduğunu vurğulayıb: “İnflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda süni qiymət artımına yol vermək qətiyyən olmaz. Bəzi hallarda bəzi məhsulların qiymətlərində artım olur. Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlayıb. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”.