Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov pambıqçılıq sahəsində durumu şərh edib. Novator.az-ın məlumatına görə, iqtisadçı Azərbaycan hökumətinin pambıqçılıqla bağlı 2018-ci il hədəflərinə nail olunmadığını vurğulayıb: “2018-ci ildə 132 min 512 hektar pambıq sahəsindən 232 min 231 ton məhsul əldə edilib. Bu, hər hektardan 17,5 sentner orta məhsuldarlıq deməkdir. Məhsuldarlığın aşağı olması pambıq əkini ilə məşğul olan fermerlərin, kəndlilərin 2018-ci ildə də ciddi ziyana məruz qaldığını göstərir.
2018-ci ildə ölkənin 22 rayonunda pambıq əkini həyata keçirilib. Bu rayonların tən yarısında məhsuldarlıq 15 sentnerdən aşağı olub. Hər hektardan orta məhsuldarlıq Zərdabda 14,9, Salyanda 14,5, Neftçalada 14,3, İmişlidə 13,3, Sabirabadda 13, Kürdəmirdə 12,9, Ağdaşda 12 sentner təşkil edib. Bəzi rayonlarda isə orta məhsuldarlıq 10 sentner səviyyəsinə də qalxmayıb. Füzulidə 9,8, Hacıqabulda 8,8, Ağsuda 7,4, Ucarda 6,6 sentner orta məhsuldarlıq qeydə alınıb.
Aparılan hesablamalar göstərir ki, xam pambıq istehsalı üçün çəkilən xərc hər hektar üçün min manat civarındadır. 2018-ci ildə də məhsuldarlığın və alış qiymətinin aşağı olması minlərlə kəndlinin müflisləşməsinə səbəb olub”.
Vahid Məhərrəmov deyib ki, hökumət 2018-ci ildə hər hektardan 40 sentner məhsul əldə olunacağını vəd etsə də, sonradan bu hədəfi iki dəfə aşağı salıb, ancaq yekunda orta məhsuldarlıq 20 sentnerə də çatmayıb.
Ekspertin qənaətinə görə, 2014-2017-ci illərdə əldə olunmuş nəticələrin təhlili göstərir ki, hökumətin gözləntiləri özünü doğrultmayıb: “2017-ci ildə pambıqçılığın inkişafına yönəlmiş dövlət proqramı qəbul edilib. Amma həmin il orta məhsuldarlıq son yeddi ilin ən aşağı səviyyəsinə düşüb – 15,3 sentner. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi pambığın əkin sahələrinin azaldılması təşəbbüsü irəli sürüb və 2019-cu ildə 104,9 min hektar sahədə pambıq əkiləcəyi haqda proqnoz verib. Bu o deməkdir ki, hökumət dövlət proqramında 2022-ci il üçün qarşıya qoyduğu 500 min ton pambıq istehsalı hədəfinə nail ola bilməyəcək.
Pambıqçılıqda məhsuldarlığı artırmaq, pambığın keyfiyyətini yaxşılaşdırmaq, rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün bir sıra vacib iş görülməlidir. Pambıq istehsalı ilə məşğul olan fermerlər, kəndlilər arasında əməkdaşlığı genişləndirmək, onların hüquq və maraqlarının müdafiəsini təmin etmək, pambıq istehsalı, emalı, ixracı sahəsində səylərin birləşdirilməsi, resurslardan səmərəli istifadə edilməsi məqsədilə istehsalçıları birləşdirən ictimai qurumun yaradılmasını təşkil etmək lazımdır.
Pambıqçılıqla məşğul olan kəndlilərə, fermerlərə sərbəstlik və seçim imkanı vermək, pambıq emalında və ixracında inhisarçılığı aradan götürmək, fermer təsərrüfatlarına istehsal etdikləri məhsulu emal etmək və xaricə çıxarmaq imkanı vermək vacibdir.
Keyfiyyətli və ucuz istehsal vasitələrinin ölkəyə idxalını təmin etmək məqsədilə özəl sektor bu sahəyə cəlb edilməli və onların ucuz kredit resurslarına çıxışı təmin olunmalıdır”.