İlham Əliyevin Pekindəki çıxışı
- 26 Aprel 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Aprelin 26-sı Çinin paytaxtı Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumuna qatılan prezident İlham Əliyev “Daha parlaq birgə gələcəyin qurulması” mövzusuna həsr olunmuş görüşdə çıxış edib. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, Azərbaycan lap əvvəldən Çin lideri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib: “Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.
Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək edib. Ötən on beş ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək edib. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan beş dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir.
Azərbaycanın çox böyük neft və qaz ehtiyatları var. Biz neft və qazımızı beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərləri tikmişik və əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır. Diqqətimiz əsasən sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlib. İnfrastruktur layihələri bizim üçün çox önəmlidir və biz müasir infrastrukturun yaradılmasına sərmayə yatırmaq üçün maliyyə resurslarımızdan istifadə etdik. Azərbaycanda qazlaşdırma səviyyəsi 95 faiz təşkil edir, Azərbaycan elektrik enerjisini, neft və qazı ixrac edən ölkədir. Nəqliyyat sahəsinə investisiyaların yatırılması bizim əsas prioritetlərimizdən biridir.
Üç il öncə Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair anlaşma memorandumu imzalayıb. Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq.
Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib.
İnfrastrukturun inkişafına həmçinin çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir. 260 milyard dollar həcmində investisiya yatırılıb və bunların yarısını xarici investisiyalar təşkil edir. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir.
Nəqliyyat infrastrukturundan danışarkən hava nəqliyyatına qoyulan investisiyaları əlavə etmək istəyirəm. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir.
2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O eyni zamanda qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir.
Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Buna görə də müasir infrastrukturun yaradılmasına yatırdığımız investisiyalar yalnız iqtisadi potensialımızın artırılmasına və bizim dost, tərəfdaş və qonşularımıza xidmət göstərməyimizə kömək etmir, həm də ticarət, turizm, nəqliyyat sahələrində nadir imkan yaradır və xalqları, ölkələri birləşdirir. Ölkələr bir-birinə bağlanır və bu, sülh və sabitlik amalına xidmət edir. Beləliklə, Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrilib.
Ötən il istifadəyə verilmiş Lapis-Lazuli marşrutu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşərək Azərbaycanın tranzit potensialını daha da artırıb. Bu gün Azərbaycan sayı artmaqda olan ölkələr üçün tranzit imkanlarını təmin edir. Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən və nisbətən yaxın vaxtlarda tikilmiş gəmiqayırma zavodu istənilən növ gəmini inşa edə bilər. Ötən il biz 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq Bakı Dəniz Limanını istifadəyə verdik. Gələcəkdə onun imkanları 25 milyon ton və 1 milyon konteynerə qədər artırılacaq.
Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik.
Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.
Sülh və təhlükəsizlik haqqında danışarkən Ermənistan və Azərbaycan arasında olan münaqişəni qeyd etmək istəyirəm. Təəssüflər olsun ki, 25 ildən çox müddət ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. İnsanlarımız etnik təmizləməyə məruz qalıb və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Bu təkcə bizim ölkə üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir. Ermənistan və Azərbaycan arasında olan münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.