Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli Rusiya prezidentinin 24 aprel fərmanı ilə bağlı şərh yayaraq Azərbaycanın dövlət qurumlarına çağırış edib.
Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini işğal edərək özünə birləşdirib, Donbas bölgəsində – Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə iki işğalçı rejim qurub. Bu separatçı rejimlər özlərini müstəqil dövlət sayır.
Aprelin 24-də Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk vilayətlərinin işğaldakı hissəsində daimi yaşayan şəxslərə vətəndaşlıq verilməsini sadələşdirən fərman imzalayıb. Fərmana əsasən, separatçı rejimlərin sakinlərinin Rusiya vətəndaşlığına qəbulu üçün müraciətinə maksimum üç ay müddətində baxılmalıdır.
Novator.az-ın məlumatına görə, aprelin 25-i özünün “Facebook” səhifəsində şərh yayan Natiq Cəfərli qeyd edir ki, Moskva Ukraynanın şərqində qurduğu qondarma respublikalarda yaşayan əhaliyə sürətlə Rusiya pasportu paylanması qərarı ilə Abxaziya və Cənubi Osetiyada etdiyini təkrarlayır, Donbasın işğalına hazırlaşır: “ABŞ Venesuelaya birbaşa hərbi müdaxilə etsə, Rusiya açıq şəkildə Donbasa qoşun yeridib bölgəni tutacaq və sonra bunu referendumla rəsmiləşdirəcək.
Bəzi məlumatlara görə, Rusiya Azərbaycanın şimal rayonlarında da əhaliyə öz pasportunu paylayır. Əlaqədar dövlət qurumları bu məsələni ciddi yoxlamalı, bizdə ikili vətəndaşlığın qadağan olunduğunu əsas gətirərək Rusiya pasportu alanları müəyyən etməlidir. Həmin şəxslər seçim qarşısında qoyulmalıdır – ya Rusiya vətəndaşlığlndan imtina edirlər, ya da Azərbaycanda miqrasiya qaydalarına uyğun qeydiyyatdan keçib yaşayırlar. Bu çox ciddi məsələdir, tezliklə həll olunmalıdır, ölkə üçün, dövlətçilik üçün böyük təhdiddir. At izinin it izinə qarışdığı indiki dünyada hər bir provokasiyaya hazır olmalıyıq. Şimal qonşumuz küncə sıxıldıqca ətrafına daha aqressiv şəkildə hücum çəkəcək”.
Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.
Venesuelada bu ilin yanvarından prezident Nikolas Maduronun istefası tələbi ilə aksiyalar keçirilir. Müxalif qüvvələrin əlində olan, prezidentin tanımadığı parlamentin sədri Xuan Quaido yanvarın 23-də özünü müvəqqəti prezident elan edib. ABŞ başda olmaqla bir çox ölkə onu legitim dövlət başçısı kimi tanıyıb. Rusiyadan dəstək alan Nikolas Maduro hakimiyyətdən əl çəkmək çağırışlarına məhəl qoymur.
2008-ci ildə Respublikaçı Alternativ Hərəkatı adı ilə yaradılan, 2018-ci ilin aprelində partiyaya çevrilən quruma sabiq siyasi məhbus İlqar Məmmədov sədrlik edir.