Prezident İlham Əliyev İkinci Dünya müharibəsində qələbənin 74-cü ildönümü ilə əlaqədar sərəncam imzalayıb. Sənədə əsasən, müharibədə iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın icrası üçün 2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılır. Birdəfəlik yardımın çatdırılmasını təmin etmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
1939-cu ildə başlayan İkinci Dünya müharibəsində Sovet İttifaqının və onun müttəfiqlərinin Almaniya üzərində qələbəsi 1945-ci il mayın 9-da rəsmiləşib.
1941-1945-ci illərdə SSRİ-nin alman işğalına qarşı apardığı müharibədə Azərbaycandan 640 mindən çox adam döyüşüb. Onların təxminən yarısı həlak olub.