Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2018-ci ildə ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2 milyon 896,1 min ton (əvvəlki illə müqayisədə 5,1 faiz çox) tullantı əmələ gəlib. Onların 60,6 faizi bərk məişət tullantıları, 39,4 faizi müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılardır.
1 milyon 756,1 min ton bərk məişət tullantılarının 31,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3 faizi ölkə daxilində satılıb, 68,5 faizi zibilxanalara daşınıb.
Sənayedə və iqtisadiyyatın digər sahələrində təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 27,7 faizi istifadə edilib, 16,2 faizi ölkə daxilində satılıb, 0,9 faizi ixrac olunub, 12,4 faizi zibilxanalara atılıb, 42,8 faizi müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 338,7 min ton və ya əvvəlki illə müqayisədə 27,3 faiz çox təhlükəli tullantı yaranıb. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla 64,2 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.