Prezident: “Çox ciddi ictimai nəzarət olmalıdır”
- 24 Aprel 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Dövlət başçısı İlham Əliyev aprelin 23-ü Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunu açarkən sakinlərlə görüşüb. O, Mərdəkan qəsəbəsində infrastruktur layihələrinin icra edildiyini, yolların salındığını, qəsəbənin digər problemlərinin öz həllini tapdığını vurğulayıb: “Bu bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və çox çalışırıq ki, hər bir yerdə inkişaf olsun, quruculuq, abadlıq işləri aparılsın.
Yol inkişaf üçün əsas şərtlərdən biridir. Buzovna-Mərdəkan yolu keçən il istifadəyə verilib. İndi yolboyu binalar tikilir, ictimai yerlər, ictimai obyektlər salınır. Yəni yol olan yerdə inkişaf da var. Azərbaycanda son illərdə bütün yerlərdə müasir yol infrastrukturu yaradılır, o cümlədən Bakı qəsəbələrində. İndi isə Mərdəkan-Qala yolunun açılışını qeyd edirik. Bu əslində onu göstərir ki, hər bir sahədə, hər bir bölgədə ən müasir standartlar tətbiq olunur.
Son 15 ildə ölkəmizdə 15 min kilometr yol çəkilib. Hər bir yerdə, hətta dağ kəndlərində, yol olmayan kəndlərə biz yollar çəkdik. Bu gün bu yollar həm insanlara xidmət göstərir, həm biznes imkanlarını genişləndirir, fermerlər üçün yeni imkanlar yaradır.
Yol, infrastruktur, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, su layihələri – bütün bunlar diqqət mərkəzindədir və son illərdə bu istiqamətdə çox ciddi addımlar atılır.
Qəsəbələrarası və qəsəbədaxili yollar diqqət mərkəzindədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Bakı qəsəbələrində yol infrastrukturuna çox ciddi fikir vermək tapşırılıb və indi bu proses geniş vüsət alıb. Əminəm ki, bütün qəsəbələrdə daxili yollar bərpa ediləcək və insanlara rahatlıq verəcək”.
İlham Əliyev qeyd edib ki, ölkənin qarşısında duran bütün problemlər öz həllini tapmalıdır: “Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır. İqtisadi inkişaf təmin edilir. Bu il iqtisadiyyatımız 3 faiz artır, əvvəlki illərə nisbətən bu artım daha böyükdür. Düzdür, bu bizi tam qane edə bilməz. Çünki potensial daha böyükdür və biz iqtisadi baxımdan daha yüksək templərlə artmalıyıq. Aparılan islahatlar və islahatların dərinləşməsi bizə əlavə imkanlar yaradır. Biz indi inkişafımızın yeni mərhələsindəyik. Son prezident seçkisi ərəfəsində mən bəyan etmişdim ki, növbəti dövr islahatlar dövrü olacaq. Çünki hər bir ölkə üçün islahatlar çox önəmlidir. İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir. Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər vətəndaşların rifah halını yaxşılaşdırır. Bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir, tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var.
Biz daxil olan əlavə gəlirləri ilk növbədə sosial məsələlərin həllinə yönəldirik. Düzdür, infrastruktur layihələri də lazımdır, biz oraya vəsait ayırmasaydıq, belə yollar çəkilə bilməzdi. Ancaq indiki şəraitdə biz vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılması üçün yönəldirik.
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq. Nəzərə alsaq ki, bizim neft-qaz sahəsində apardığımız siyasət öz bəhrəsini verir, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi işə düşüb əlavə gəlir gətirəcək və gəlir də vətəndaşların rifah halının yaxşılaşmasına yönəldiləcək.
İslahatlar hərtərəfli olmalıdır – həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində. Bu sahələrdə təkmilləşməyə böyük ehtiyac var”.
Prezident son dövrdə imzaladığı fərmanların təsirli və əhəmiyyətli olduğunu deyib: “Məsələn, tutaq ki, problemli kreditlər nədən qaynaqlandı? Devalvasiyadan. Devalvasiya nəyə görə baş verdi? Neftin qiyməti 4 dəfə azaldı, gəlirlərimiz, manatın məzənnəsi aşağı düşdü və insanlar bundan əziyyət çəkdilər. Maksimum çalışırdıq ki, vəziyyəti sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin. Artıq uzun müddətdir ki, manat sabit olaraq qalır. Bizim indiki iqtisadi və maliyyə vəziyyətimiz onu deməyə əsas verir ki, manatın sabitliyi ilə bağlı heç bir problem gözlənmir. İqtisadi, maliyyə imkanı artdıqca biz ilk növbədə səylərimizi problemli kreditlərin həllinə yönəltdik və bunu həll etdik, özü də ən yüksək səviyyədə.
Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsus ki, hər yerdə belə deyil, bəzən vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir.
Vətəndaşlarımızın rifah halı, onların iqtisadi, maliyyə vəziyyəti ildən-ilə daha da yaxşılaşır. Əgər əvvəlki dövrü götürsək görərik ki, pensiyalar, maaşlar təqribən 10 dəfəyə yaxın artıb. Ancaq bu gün bu bizi qane edirmi? Yox. Nə etməliyik? Daha da fəal işləməliyik, iqtisadiyyat daha da sürətlə artmalıdır, sərmayə yatırılmalıdır, bürokratik əngəllər aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır. Yerli icra orqanları çalışmalıdırlar ki, investisiyaları cəlb etsinlər. Çünki iqtisadi artım olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə bağlıdır. İndiki iqtisadi vəziyyətimiz və gələcək planlarımız tam əminliklə deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyik”.