Demokratik Qüvvələrin Milli Şurası Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənən sazişlə bağlı mövqe sənədi açıqlayıb. Novator.az-ın məlumatına görə, sənəddə qeyd olunur ki, Avropa məkanına inteqrasiya, Azərbaycanın Avropa ailəsinin tam və bərabərhüquqlu üzvünə çevrilməsi xalqın və dövlətin ali maraqlarına və məqsədlərinə cavab verən ən düzgün strateji seçimdir: “Bu seçimi Azərbaycan xalqı 100 il öncə, bütün müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikanı yaradarkən edib və biz bu gün də qurucu babalarımızın bu tərəqqi və inkişaf yoluna sadiqik. Azərbaycanın azad, xoşbəxt və firavan gələcəyini məhz Avropa İttifaqı ilə yaxınlaşmaqda və əməkdaşlıqda, Avropa geosiyasi məkanına tam və dərin inteqrasiyada, Avropa xalqları ailəsinin bərabərhüquqlu üzvü olmaqda görürük.
Təəssüf ki, 1918-1920-ci illərdə dünyanın ən demokratik ölkələri sırasında yer alan ölkəmiz bu gün dünyanın insan hüquqları və azad söz düşmənləri olan ən repressiv rejimləri ilə eyni cərgədədir. Ölkəmizin adı dünya miqyasında korrupsiya və rüşvət qalmaqalları, ofşor ifşaları, inhisarçılıq, qeyri-məhdud hakimiyyət, seçki saxtakarlığı, qeyri-şəffaf idarəetmə, işgəncələr, siyasi təqiblər və siyasi məhbuslar kimi ən neqativ anlayışlarla assosiasiya olunur. Bu gün Azərbaycan Avropa Şurasına üzv olduğu 2001-ci illə müqayisədə demokratiya, insan hüquqları və fundamental azadlıqların qorunması, qanunun aliliyi və səmərəli idarəetmə sahəsində ciddi şəkildə geriləyib”.
Milli Şura bildirir ki, Azərbaycanda yüzdən çox siyasi məhbus var və siyasi məhbus istehsal edən “konveyer” işlək vəziyyətdədir; siyasi məhbuslar istintaq təcridxanalarında və cəzaçəkmə yerlərində ağır fiziki və mənəvi işgəncələrә, insan ləyaqətini alçaldan qəddar və qeyri-insani rəftara məruz qoyulur; siyasi məhbuslara qarşı işgəncələri ictimailəşdirən və onları müdafiə edən vəkillər Vəkillər Kollegiyasından uzaqlaşdırılır; ölkədə müstəqil qəzet, sayt və ya başqa media təsisatı fəaliyyət göstərmir, müstəqil saytlar siyasi sifariş əsasında çıxarılan əsassız məhkəmə qərarları ilə bloklanıb, Avropa Şurasının tövsiyəsi əsasında yaradılmış İctimai Televiziya da daxil olmaqla ölkə üzrə yayımlanan bütün televiziya kanalları hakimiyyətin total nəzarəti altındadır; sərbəst toplaşmaq azadlığına qarşı məhdudiyyətlər möhkəmləndirilib.
Sənədə əsasən, son 25 il ərzində ölkədə demokratik seçki keçirilməyib, azad və rəqabətli seçki institutu məhv edilib: “Ölkə parlamentində bir müxalifət təmsilçisi belə yoxdur. Xalqın ali iradəsi dəfələrlə qəsb olunub, seçkilər yolu ilə hakimiyyət formalaşdırmaq və dəyişmək haqqı əlindən alınıb. Hakimiyyətin bölgüsü prinsipi fiksiya xarakteri daşıyır, istər qanunverici hakimiyyət, istər məhkəmə hakimiyyəti əlahiddə şəkildə gücləndirilmiş prezident hakimiyyətinin xidmətçisinə çevrilib.
Azərbaycanı bu rüsvayçı durumdan çıxarmağın və Azərbaycan vətəndaşlarını layıq olduqları həyata qovuşdurmağın ən optimal yolu ölkəmizin qısa zamanda Avropa məkanına inteqrasiya etməsi və insan hüquqları, qanunun aliliyi, demokratiya, azad rəqabət və seçim kimi dəyərlər və prinsiplərin ölkəmizdə həyat normasına çevrilməsidir.
Milli Şura olaraq biz ən tez zamanda Avropa İttifaqı ilə dərin iqtisadi inteqrasiyanı və azad ticarət sazişini də ehtiva edən assosiasiya sazişinin imzalanmasını arzulayırıq. Lakin öz hakimiyyət maraqlarını dövlətin və xalqın ali maraqlarından üstün tutan Azərbaycan siyasi rəhbərliyinin Şərq tərəfdaşlığı proqramı çərçivəsində Avropa İttifaqı ilə daha sıx əməkdaşlığı müxtəlif süni bahanələrlə əngəllədiyini anlayırıq. Məhz bu səbəbdən bizim üçün hələ də mücərrəd olan strateji tərəfdaşlıq sazişinin hazırlanmasını anlayışla qarşılayır və konseptual baxımdan dəstəkləyirik. Prinsipial hesab etdiyimiz məqam bu sazişin hansı şəraitdə və hansı şərtlər daxilində imzalanması ilə bağlıdır. Bu saziş siyasi zəmində təqib, təzyiq və diskriminasiyanın vüsət aldığı bir şəraitdə imzalanacaqsa, birmənalı olaraq Azərbaycan xalqının və dövlətinin ali maraqlarına, Azərbaycanın Avropa məkanına gerçək inteqrasiyasına deyil, Əliyev rejiminin hakimiyyət maraqlarına xidmət edəcək.
Bəyan edirik ki, Avropa İttifaqı ilə bağlanacaq istənilən sazişdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər ərazilər daxil olmaqla ərazi bütövlüyünün və suveren hüquqlarının tanınması bizim üçün heç vaxt müzakirə və kompromis predmeti olmayacaq ilkin şərtdir.
Milli Şura olaraq Avropa Parlamentinin Azərbaycan və Avropa İttifaqı münasibətlərinə dair 4 iyul 2018-ci il qətnaməsinə tam dəstəyimizi ifadə edir və strateji tərəfdaşlıq sazişinin yalnız həmin qətnamədə müəyyən edilən şərtlər çərçivəsində imzalanmasını faydalı və məqbul hesab edirik. Avropa İttifaqı Azərbaycan hökumətini həmin qətnamədə qoyulan tələblərin icrasına təşviq etməlidir. Ən qısa zamanda bütün siyasi məhbuslar azad edilməli və siyasi məhbus praktikasına son qoyulmalı; media və sərbəst toplaşma azadlığının təmin olunması istiqamətində ciddi əməli addımlar atılmalı; Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları (Varşava) Bürosunun tövsiyələri və iradları nəzər alınmaqla köklü seçki islahatlarına başlanmalı; vətəndaş cəmiyyətinin, müstəqil QHT-lәrin fəaliyyəti üçün əlverişli mühit bərpa olunmalı; siyasi partiyalara və fəallara qarşı təqib-təzyiqlərə son qoyulmalı, siyasi zəmində hər cür diskriminasiya və ayrı-seçkilik aradan qaldırılmalı, siyasi fəaliyyət müstəvisi bərpa olunmalı; korrupsiya və inhisarçılıqla mübarizə istiqamətində gerçək və ciddi tədbirlər həyata keçirilməli, ölkənin Dünya Ticarət Təşkilatına üzvlüyü yolunda yaradılan süni maneələr aradan qaldırılmalı; məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi istiqamətində gerçək islahatlar həyata keçirilməli; şəffaflığın təmini və Azərbaycan xalqının qanuni maraqları və mənafeləri nəzərə alınaraq sazişin mətni imzalanmadan öncə Azərbaycan ictimaiyyətinə açıqlanmalıdır”.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.