Aprelin 24-ü Pekində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan sənədlər imzalanıb. Sənədlər Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasını, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisini, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasını, “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasını, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasını, Azərbaycanda istehsal olunmuş şərab və digər spirtli içkilərin Çinə ixracını, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasını əhatə edir.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanın Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşı olduğunu deyib: “Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində ölkəmizin payı 43 faiz təşkil edir”.
İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın davam etdiyini vurğulayan Şahin Mustafayev ötən dövrdə Çin investorlarının Azərbaycana 800 milyon dollardan çox sərmayə yatırdığını bildirib: “Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1 milyard 700 milyon dollar təşkil edir”.