Məhbus jurnalist Əfqan Muxtarlının yaxınları onun səhhətindən narahatdırlar.
Jurnalistin mühacirətdə yaşayan həyat yoldaşı Leyla Mustafayeva aprelin 22-də “Facebook” şəbəkəsində yazıb: “Əfqan həbsxanadan zəng etmişdi. Dediyinə görə, gözlərində güclü ağrılar əmələ gəlib. Bir də uroloji müayinədən keçməlidir. Penitensiar Xidmət nə ilə məşğuldur? İndiyədək olan müayinələrin rəsmi nəticələri haqda əlimizdə bir sənəd də yoxdur. Əfqanın sağlamlığı ilə bağlı xeyli problemləri var. Amma müayinələrin detalları haqqında əlimizdə bir sənəd yoxdur. Dövlət sirri kimi gizlədirlər. Əfqanın şəkəri və təzyiqi var. Bildiyimiz hələ ki, budur. Şəkərlə bağlı hələ də Gürcüstandakı həkiminin yazdığı dərmanları qəbul edir”.
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məsələ ilə bağlı Azadliq.org-a açıqlamasında deyib: “Əfqan Muxtarlının gözlərində problem yaranıbsa, bizim göz həkimlərimiz onu müayinə edəcəklər. Uroloji probelmləri varsa, onu da həkimlər müayinə edəcəklər”.
İftixar Qurbanov bildirib ki, Əfqan Muxtarlı və başqa bütün məhbuslar daima tibbi müayinədən keçirilir, müayinənin nəticəsi olaraq onlara müalicə təyin edilir.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.