Ermənistanın sabiq prezidenti Serj Sərkisyan aprelin 22-də sədri olduğu Respublika Partiyasının mərkəzi qərargahına baş çəkib. O, partiyaya yeni qəbul olunan gənclərlə bir araya gəlib.
Novator.az-ın məlumatına görə, tədbirə qatılan jurnalistlərin biri Serj Sərkisyana istefaya gedəndən bəri Ermənistanda nələrin dəyişdiyi barədə sual verib. Serj Sərkisyanın cavabı qısa olub: “Zamanı gələndə çox suala cavab verəcəm. Bəlkə onda suallar kifayət etmədi, amma cavab sarıdan korluq olmayacaq”.
1954-cü il iyunun 30-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Serj Sərkisyan Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib. 2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.
Serj Sərkisyan 2018-ci il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verməyə məcbur olub. Həmin il mayın 8-dən baş nazir kürsüsünü xalq etirazlarının lideri, Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan tutur.