Avropanın beş nəhəng futbol ölkəsinin ikisində çempion müəyyənləşib. Novator.az-ın məlumatına görə, “Yuventus” İtaliya çempionatının 33-cü turunda xal sayını 87-yə çatdıraraq rəqibləri üçün əlçatmaz olub. Bu, Turin şəhərini təmsil edən klubun 35-ci çempionluğudur.
Turnir cədvəlinin ikinci pilləsində 32 oyuna 67 xal əldə edən “Napoli” dayanır. 33 oyundan sonra “İnter”in 61, “Milan”ın 56, “Roma”nın 55 xalı var.
Fransa çempionatında qalib 33-cü turda müəyyənləşib – 84-cü xalını qazanan paytaxt komandası PSJ tarixində 8-ci dəfə qızıl medallara sahib çıxıb.
Finişə 5 tur qalmış “Lill” 65, “Lion” 59 xal toplayıb.
35 oyundan sonra İngiltərə çempionatında “Liverpul” 88 xalla öndədir. Onu bir oyun az keçirən “Mançester Siti” təqib edir: 86 xal.
“Tottenhem” 34 oyunda 67, “Arsenal” və “Çelsi” 66, “Mançester Yunayted” 64 xal götürüb.
İspaniya çempionatında 33-cü tura yekun vurulub. Lider “Barselona” 77, “Atletiko” 68, “Real” 64, “Xetafe” 54, “Valensiya” və “Sevilya” 52 xal əldə edib.
Almaniya çempionatında 30 tura 70 xal yığan “Bavariya” ilk sıradadır. Dortmund “Borussiya”sı 69, “Leypsiq” 61 xal götürüb.