Çinin “Sinxua” agentliyi aprelin 17-də prezident İlham Əliyevin müsahibəsini dərc edib. AZƏRTAC-ın məlumatına görə, Azərbaycan-Çin münasibətlərindən danışan dövlət başçısı deyib ki, iki ölkə arasında ikitərəfli münasibətlərin təməli 1994-cü ildə prezident Heydər Əliyevin Çinə səfəri ilə qoyulub: “Həmin vaxtdan bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Azərbaycan və Çin dost ölkələrdir. Mənim Çinə 2005-ci ildəki rəsmi və 2015-ci ildəki dövlət səfərlərim ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirdi. Fəal siyasi təmaslarımız mövcuddur. Eyni zamanda iqtisadiyyat sahəsində də fəal əməkdaşlığımız var. Azərbaycan Çinin təşəbbüsünə qoşularaq Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və biz daha çox Çin şirkətlərini ölkəmizdə investor, ticarətçi və podratçı qismində görmək istəyirik. Azərbaycanda çox münbit sərmayə mühiti olduğundan biz sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görməyə ümid edirik.
Azərbaycanla Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. Bizim ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Urumçi, Luco və Şanxayda Azərbaycanın ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin informasiya-kommunikasiya texnologiyaları şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər.
Humanitar sahədə əməkdaşlığımızın yaxşılaşdırılması münasibətlərimizin inkişafında vacib rol oynaya bilər. Təhsil sahəsində daha fəal əməkdaşlığa ehtiyac var.
Azərbaycan özünün turizm sənayesinin inkişafına böyük diqqət ayırır və biz son illər bu istiqamətdə mühüm uğurlar əldə etmişik. Azərbaycana səfər edən Çin turistlərinin sayında 53 faiz artım var. Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir.
Çinlə əlaqələr bizim xarici siyasətimizin prioritetlərindəndir. Əminəm ki, qarşıdan gələn illərdə Azərbaycanla Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək və güclənəcək”.