Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının aprelin 20-nə təyin etdiyi mitinqlə bağlı müraciətini cavablandırıb. Novator.az-ın məlumatına görə, paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) təyin olunmuş aksiyaya razılıq verilməyib.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.
2019-cu il yanvarın 19-da Milli Şura paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığında) mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb.
Lakin Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də və aprelin 6-da eyni stadionda siyasi və sosial islahatlar tələbi ilə keçirmək istədiyi mitinqlərə razılıq verməyib. Meriya bunu Milli Şuranın 19 yanvar mitinqindən sonra ictimai asayişin pozulması ilə əsaslandırıb.