Azərbaycanın Xarici İşlər Nazirliyi 15 aprel görüşü barədə rəsmi məlumat yayıb. Həmin gün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan rusiyalı həmkarları Sergey Lavrov, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə bir araya gəliblər. Rəsmi açıqlamaya görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb: “Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin martın 29-u Vyanada baş tutmuş görüşünün nəticələri diqqətə alınmaqla danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib. Görüşdə həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla insanlar arasında təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər”.
Moskvada jurnalistlərə açıqlama verən xarici işlər naziri Elmar Məmmədyarov görüşün çox faydalı olduğunu vurğulayıb: “İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq.
Görüşdə bəzi təkliflər səsləndirildi. İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.
Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkili, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılıqlar əldə olunub.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.