Gürcüstanın baş naziri Mamuka Baxtadze aprelin 10-da Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən sessiyasında çıxış edərkən assambleyanın Monitorinq Komitəsinin məruzəçisi Stefan Şennak ona jurnalist Əfqan Muxtarlı ilə bağlı sual verib.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.
“Turan”ın məlumatına görə, Stefan Şennak sualında Əfqan Muxtarlının həbsini adam oğurluğu kimi xarakterizə edib. O, Gürcüstan hakimiyyətinin bu oğurluqda əli olan şəxsləri müəyyən edib cəzalandırmaq üçün nə iş gördüyünü soruşub.
Mamuka Baxtadze deyib: “Əfqan Muxtarlının işi çox həssasdır. Biz azərbaycanlı həmkarlarımızla əlaqə saxlayırıq və işimizi əlaqələndiririk. İstintaq davam edir və mən istintaq yekunlaşdıqda öz qiymətimi verə biləcəm”.
Baş nazir istintaq dedikdə Gürcüstanda aparılan istintaqı nəzərdə tutur. 2017-ci ildə Gürcüstanda da Əfqan Muxtarlı ilə bağlı cinayət işinə başlanıb. İş qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırılır.
Baxtadzenin cavabı Stefan Şennakı qane etməyib. O, “Tvitter” şəbəkəsində yazıb ki, Gürcüstan hakimiyyəti bu işə görə məsuliyyət daşıyır, lakin rəsmi Tbilisi bu hüquq pozuntusuna məhəl qoymadığını dərk etmək istəmir.