Aprelin 10-u Bakı Apellyasiya Məhkəməsində gənc fəal Bayram Məmmədovun həbsindən verilmiş şikayətə baxılıb.
Söhbət inzibati həbsdən gedir. Martın 30-u Sabunçu Rayon Məhkəməsinin qərraı ilə Bayram Məmmədova 30 sutka inzibati həbs verilib. O, polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib.
“Turan”ın məlumatına görə, Bayram Məmmədov apellyasiya şikayətinə baxan hakimlərə deyib ki, o, ədalətli qərar gözləmir, sadəcə Sabunçu məhkəməsinin qərarından ona görə şikayət verib ki, apellyasiya məhkəməsinə gəlib dostlarını görə bilsin.
Nə xahiş etməsi ilə bağlı sualın cavabında Bayram Məmmədov bildirib: “Mən xahiş etmirəm, ədalətsiz hökmün ləğvini tələb edirəm”.
Vəkil Elçin Sadıqov prosesdə bəyan edib ki, inzibati həbs məntəqəsində Bayram Məmmədov işgəncələrə və təhqirlərə məruz qalıb.
Sonda hakim heyəti şikayətin təmin olunmadığı, 30 sutka həbs cəzasının qüvvədə qaldığı barədə qərar çıxarıb.
Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-dan həbsdə olub. Həmin il Bakı Ağır Cinayətlər Məhkəməsi onları külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.
Müdafiəçiləri onların həbsini siyasi sifariş sayıb. Onlar bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.
2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.