Respublikaçı Alternativ Partiyası (REAL Partiya) bir müddət əvvəl seçki hüququ olan şəxslərdən imza toplayaraq Milli Məclisə üç qanun layihəsi təqdim edib. Aprelin 9-da məlum olub ki, Milli Məclis toplanmış 41 min 500 seçici imzasının yoxlanması və nəticələri barədə müvafiq məlumat verilməsi üçün Mərkəzi Seçki Komissiyasına üz tutub. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, imza vərəqələrindəki imzaların seçki hüququna malik vətəndaşlara məxsus olmasını və onların düzgünlüyünü yoxlamaq üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssislərindən ibarət tərkibdə işçi qrupu yaradılacaq, ekspert və mütəxəssislərin ayrılması üçün həmin orqanlara müraciət olunacaq.
Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev işçi qrupunun əlaqələndiricisi təyin edilib. Yoxlamanın nəticələri Milli Məclisə göndəriləcək.
Azərbaycan Konstitusiyasının 96-cı maddəsi seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü ilə çıxış etmək, yəni Milli Məclisin müzakirəsinə qanun layihələri təqdim etmək hüququ verir.
Real Partiyanın martın 4-də Milli Məclisə təqdim etdiyi qanun layihələri Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsi, devalvasiya nəticəsində vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişləri ilə bağlı vurulmuş zərərin ödənilməsi və ali təhsil üçün ödənişləri tamamilə dövlətin ödəməsi haqqındadır.
Bakıda seçkili mer vəzifəsinin təsis edilməsi məqsədilə hazırlanan qanun layihəsi “Azərbaycan Respublikasının paytaxtı haqqında” konstitusiya qanunu adlanır.
“2019-cu ilin dövlət büdcəsinə dəyişikliklər haqqında” qanun layihəsi isə həm pulsuz ali təhsil, həm də devalvasiyanın vurduğu zərər məsələlərini əhatə edir.
Birinci layihəyə görə, Bakı Şəhər Bələdiyyəsi yaradılmalı, paytaxtın icra hakimiyyətinin başçısı mer olmalı, bələdiyyə üzvləri və mer Bakıda qeydiyyatda olan və daimi yaşayan seçicilər arasından 5 il müddətinə seçilməlidir.
İkinci layihəyə görə, 2015-ci ilin fevral və dekabr aylarında ölkədə baş vermiş devalvasiyalar nəticəsində vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişləri ilə bağlı dəyən zərərin ödənilməsi üçün dövlət büdcəsindən 1 milyard 748 milyon 700 min manat, Dövlət İmtahan Mərkəzinə verdikləri imtahan nəticəsində ödənişli ali təhsil hüququ qazanmış vətəndaşların təhsil haqlarının ödənilməsi üçün isə 150 milyon manat ayrılmalıdır.