2018-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində inzibati xətalara dair 62 min 113 işə baxılıb. Onların 61,8 faizi idarəçilik qaydaları, 5,3 faizi mülkiyyət, 4,8 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 4,6 faizi yol hərəkəti qaydaları, 4 faizi sağlamlıq, 0,9 faizi gömrük qaydaları, 0,8 faizi iqtisadi fəaliyyət qaydaları, 0,6 faizi ticarət qaydaları əleyhinə olan, 2,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 15,1 faizi digər inzibati xətalarla bağlıdır.
Dövlət Statistika Komitəsi Ədliyyə Nazirliyinə istinadla bildirir ki, 2018-ci ildə baxılmış işlərin 62,9 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 28,2 faizinin icraatına xitam verilib, 8,4 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 0,5 faizi üzrə materiallar aidiyyəti üzrə göndərilib.
Məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 12,8 faiz artaraq 39 min 94 nəfər olub. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 48 faizinə inzibati cərimə, 26,5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 21,6 faizinə inzibati həbs, 2,4 faizinə ictimai işlər, 1,5 faizinə digər tənbeh növləri tətbiq edilib.