Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri ən çox İstanbul ətrafında qalmaqal doğurub. Ölkənin ən böyük şəhərində müxalif Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlu bələdiyyə başçısı seçilib. Bələdiyyə başçısı postuna Binəli Yıldırımı namizəd göstərmiş hakim Ədalət və İnkişaf Partiyası bununla barışmır. Partiyanın şikayəti əsasında bəzi seçki məntəqələrində səslər yenidən sayılır.
Aprelin 9-da isə hakim partiyanın liderlərindən olan Əli İhsan Yavuz İstanbulda təkrar seçki tələb edəcəklərini bildirib. O, İstanbulda 31 mart seçkisinin kütləvi pozuntularla keçdiyini iddia edib.
Novator.az bildirir ki, ilkin nəticələrə əsasən, Ədalət və İnkişaf Partiyası 15 böyük şəhərdə, 24 şəhərdə, 535 rayonda, 202 qəsəbədə bələdiyyə başçısı postuna sahib çıxıb.
Seçkilərə hakim partiya ilə birgə Xalq ittifaqında qoşulan Milliyyətçi Hərəkat Partiyası 1 böyük şəhərdə, 10 şəhərdə, 145 rayonda, 89 qəsəbədə qələbə əldə edib.
Cümhuriyyət Xalq Partiyası 11 böyük şəhərdə, 10 şəhərdə, 191 rayonda, 51 qəsəbədə bələdiyyə başçısı kürsüsü qazanıb.
Millət ittifaqında Cümhuriyyət Xalq Partiyasının müttəfiqi olan Yaxşı Partiyanın 19 rayonda, 6 qəsəbədə qələbəsi var.
31 mart seçkisi Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən bəri 14-cü ümummilli səsvermə olub.
2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyası 3 noyabr 2002-ci ilin parlament seçkisində qalib gələrək təkbaşına hökumət qurub, o zamandan bəri bütün seçki və referendumlarda üstünlük qazanıb.
Son seçkidə Ədalət və İnkişaf Partiyası 44,3 faiz səslə birinci olsa da, paytaxt Ankara daxil olmaqla bir çox böyük şəhərdə müxalifətə uduzub.
Partiyanın 1954-cü il təvəllüdlü lideri Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə Rəcəb Teyyub Ərdoğan İstanbul bələdiyyəsinin başçısı postunu tutub.
1999-cu ildə həbsdə yatıb. 2003-2014-cü illərdə baş nazir olub. 2014-cü ildən prezidentdir.