2019-cu il martın 1-dən özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi qanunu tətbiq olunur. Novator.az bildirir ki, qanuna görə, dövlət əmlakının (müəssisəsinin) satıcısı Vergilər Nazirliyi ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının (müəssisəsinin) 1 mart 2019-cu ilə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirməlidir.
Özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakına (müəssisəsinə) görə əmlak və torpaq vergiləri üzrə borclar bu qaydada tənzimlənir: dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində borcların 30 faizi ödəndikdə; iki il ərzində borcların 50 faizi ödəndikdə; üç il ərzində borcların 70 faizi ödənməmiş borclar silinir.
Qanunun müddəaları dövlət əmlakının (müəssisələrinin) borclarının məcburi ödənməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin ödənməmiş hissələrinə də şamil edilir.
Vergiler.az qanundan yararlanacaq müəssisələrin təxmini sayını açıqlayıb. Əmlak Məsələləri Dövlət Komitəsinə istinadla verilən məlumata görə, 140 dövlət müəssisəsinin əmlak və torpaq vergisi üzrə borcları silinəcək. Həmin borcların ümumi məbləği 10 milyon manatdır.