Aprelin 5-i Bakının Kürdəxanı qəsəbəsində salınan yeni yaşayış kompleksinə baş çəkən prezident İlham Əliyev köçkünlərlə görüşdə çıxış edib. O deyib ki, hökumətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir. Bu günə qədər 100-dən çox köçkün qəsəbəsi, şəhərciyi salınıb və köçkünlərin böyük hissəsi bu qəsəbələrdə yaşayır. Biz Bakıda, Sumqayıtda, Abşeron rayonunda, digər şəhər və rayonlarımızda məcburi köçkünlər üçün gözəl şərait yaradırıq, bu proses davam etdiriləcək.
Sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. O vaxta qədər köçkünlərimizin böyük əksəriyyəti çadırlarda yaşayırdı. Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilib. Onlar bu mənzillərə köçürülürlər. Bu il isə bizim planlarımızda minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu prosesə start verilib və əminəm ki, ilin sonuna qədər biz buna nail olacağıq. Təkcə iki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək. Orta hesabla bu mənzillərdə təqribən 50 minə yaxın insan yaşayacaq və öz məişət problemini həll edəcək”.
Dövlət başçısının sözlərinə görə, hökumətin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Bu istiqamətdə ardıcıl işlər aparılır. Bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri, mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Azərbaycan bu istiqamətdə bütün lazımi işləri görür. Həm tarixi ədalət bizim tərəfimizdədir, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, iqtisadi və hərbi potensial ölkəmizi daha da gücləndirir. Biz bundan sonra da bu məsələ ilə bağlı ardıcıl siyasət aparacağıq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər.
O ki qaldı məcburi köçkünlərin problemlərinin həllinə, bu problemlər kompleks şəkildə öz həllini tapır. Binalar tikilir, yeni şəhərciklər salınır, eyni zamanda, məcburi köçkünlərin sosial şəraiti yaxşılaşdırılır, onlara sosial dəstək artır. Bu yaxınlarda çox böyük sosial paket təsdiqləndi. O cümlədən məcburi köçkünlərin müavinətləri 50 faiz artmışdır. Özü də biz bu məbləği bir neçə dəfə artırmışıq. Bu gün hər bir köçkünə verilən müavinət 50 faiz artıb. Bu, köçkünlərə olan diqqətimizi əks etdirir. Digər sosial layihələr icra edilib.
Bildiyiniz kimi, biz indi çox ciddi iqtisadi islahatlar aparırıq. Bu islahatlar bizim maliyyə imkanlarımızı genişləndirir. Biz bu əlavə vəsaiti ilk növbədə sosial məsələlərə yönəldirik. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdləri – bütün bunlar bunun hesabına mümkün olub. Bizim iqtisadi vəziyyətimiz imkan verir ki, bu islahatları aparaq.
Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir. Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcək. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, ilk növbədə vətəndaşların sosial rifahına yönələcək”.