Azərbaycan Dillər Universitetinin təhsil fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gəray Yusifovun “Müasir ingilis və Azərbaycan dillərində sabit söz birləşmələrinin struktur semantik xüsusiyyətləri” monoqrafiyası işıq üzü görüb.
Monoqrafiya müəllifin filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın ilkin-orijinal variantıdır.
Universitetin mətbuat xidmətinin yaydığı məlumata görə, kitab Azərbaycan və ingilis dillərində sabit söz birləşmələrinin indiki tədqiqi vəziyyəti, növləri və bədii xüsusiyyətləri haqqındadır. Dissertasiya işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
İngilis dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ingilis dilinə tərcümə prosesində sabit birləşmələrin mənalarının anlaşıqlı olması, tərcümə olunan dildə həmin birləşmə və ifadənin digər dildəki ekvivalentinin dəqiq tapılmasında kitab böyük əhəmiyyətə malikdir. Monoqrafiyada sabit söz birləşmələrinin qohum olmayan iki dilin qarşılaşdırılması yolu ilə linqvistik-elmi nəzəri təhlilinin aparıldığı nəzərə çarpır.
“Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunan kitab gənc tədqiqatçılar, filologiya fakültəsinin tələbələri, eləcə də dilçiliklə maraqlanan gənc alimlər üçün faydalıdır. 324 səhifədən ibarət kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, professor Fikrət Cahangirov, rəyçiləri filologiya elmləri doktoru, professor İkram Qasımov və filologiya elmləri namizədi, dosent Əmir Cəfərovdur.
Gəray Yusifov 1936-cı ildə Yevlax rayonunun Salahlı kəndində anadan olub. 1951-ci ildə Salahlı kənd 7 illik məktəbi, 1955-ci ildə Ağdaş Pedaqoji Texnikumunu, 1960-cı ildə Azərbaycan Xarici Dillər İnstitutunu, 1970-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını bitirib. Tanınmış dilçi alim, akademik Əliheydər Orucovun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə edərək elmi dərəcə alıb. 1972-ci ildən indiyə kimi Azərbaycan Dillər Universitetində işləyir. İşlədiyi müddət ərzində 4 il dekan müavini, 15 il dekan, 6 il prorektor vəzifələrində çalışıb. Bu illər ərzində onun müxtəlif elmi jurnallarda 100-dən artıq məqalə və tezisləri, eləcə də 8 kitabı nəşr edilib.