Ukraynanın Mərkəzi Seçki Komissiyası martın 31-də keçirilmiş prezident seçkisinin nəticələrini hesablayır. Novator.az bildirir ki, aprelin 2-nə olan ilkin nəticələrə görə, şoumen Vladimir Zelenski 30,26%, prezident Pyotr Poroşenko 15,92% səslə ikinci tura keçirlər.
Deputat, Batkivşina Partiyasının lideri Yuliya Timoşenko 13,38%, deputat Yuri Boyko 11,66%, deputat, Vətəndaş Mövqeyi Partiyasının lideri Anatoli Qritsenko 6,92%, Güc və Şərəf Partiyasının lideri İqor Smeşko 6,03%, deputat, Radikal Partiyanın lideri Oleq Lyaşko 5,47%, deputat Aleksandr Vilkul 4,16%, Azadlıq Partiyası sədrinin müavini Ruslan Koşulinski 1,62% səs əldə ediblər.
Digər namizədlərin səsi 1 faizdən azdır.
Vladimir Zelenski 1978-ci il yanvarın 25-də doğulub. Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib.
1997-ci ildə “95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub. 2003-cü ildən Ukraynanın “1+1” telekanalı ilə əməkdaşlıq edib, kulinar şounun aparıcısı kimi ad çıxarıb. 2005-ci ildən “İnter” telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb.
1965-ci il sentyabrın 26-da Ukraynanın Odessa vilayətində doğulan Pyotr Poroşenko 1989-cu ildə Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, 1992-ci ildə həmin təhsil ocağının aspiranturasını bitirib. Hüquq elmləri namizədidir.
1993-cü ildən “Ukrprominvest” konserninin baş direktoru, 2002-ci ildən Ukrayna Milli Bankı Şurasının sədr müavini, 2007-ci ildən sədri olub.
2005-ci ildə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, 2009-2010-cu illərdə xarici işlər naziri, 2012-ci ildə iqtisadi inkişaf və ticarət nazir postlarını tutub.
1998, 2002, 2006 və 2012-ci illərin parlament seçkilərində deputat mandatı alıb.
Pyotr Poroşenko 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iyunun 7-də səlahiyyətlərinin icrasına başlayıb.