Vəkil Elçin Sadıqov inzibati həbs cəzası alan gənc fəal Bayram Məmmədovla görüşə buraxılmayıb.
Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-dan həbsdə olub. Həmin il Bakı Ağır Cinayətlər Məhkəməsi onları külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.
Müdafiəçiləri onların həbsini siyasi sifariş sayıb. Onlar bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.
2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Martın 30-da Bayram Məmmədova 30 sutka inzibati həbs verilib. O, polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilib.
Gənc fəalın atası Fərman Bayramov “Amerikanın səsi”nə deyib ki, oğlunu Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsinə çağırıblar: “Birlikdə bölməyə getdik. Oradan Bayramı Sabunçu Rayon Polis İdarəsinə, sonra Sabunçu Rayon Məhkəməsinə apararaq 30 sutka inzibati həbsə məhkum ediblər. Bayramın polisin qanuni tələbinə tabe olmamasından söhbət gedə bilməz. Əksinə, o, şifahi çağırışa əməl edərək polis bölməsinə gedib”.
Vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yazıb ki, aprelin 1-də Bayram Məmmədovla görüşmək üçün paytaxt polisinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsinə gedib: “Görüş üçün sənədləri təqdim etdim, təxminən 20 dəqiqədən sonra bildirdilər ki, otaqları dezinfeksiya etdikləri üçün aprelin 3-nə qədər görüş verilməyəcək”.