Məhkumluq nədir? Novator.az bu suala Cinayət Məcəlləsində cavab axtarıb.
Məcəllənin 83-cü maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.
Şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluğu ödəmiş hesab edilir.
Digər hallarda bu müddətlər qoyulub:
böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə;
az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə;
ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə;
xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə.
Məhkum edilmiş şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.
Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
Cəzanın çəkilməsi təxirə salınmış şəxslərin məhkumluğu onlar cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə götürülür. Cinayət Məcəlləsi hamilə qadınların və azyaşlı uşaqları olan şəxslərin cəza çəkməsinin təxirə salınmasını nəzərdə tutur. Uşaq 14 yaşına çatdıqda məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzləyir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir.
İttiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslərin məhkumluğu nəzərdə tutulmuş müddətlər keçdikdə başa çatır. Məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən bu müddətlərdə icra edilməyibsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur: böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən 2 il keçdikdə; az ağır cinayət törətməyə görə məhkum edilərkən 7 il keçdikdə; ağır cinayət törətməyə görə məhkum edilərkən 10 il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilərkən 20 il keçdikdə.