Respublikaçı Alternativ Partiyası 41 mindən çox vətəndaşın imzaladığı qanun layihələrini Milli Məclisə təqdim edib. Layihələrin biri paytaxt Bakıda seçkili mer vəzifəsinin təsis edilməsini nəzərdə tutur. Təklifə görə, Bakı Şəhər Bələdiyyəsi yaradılmalı, paytaxtın icra hakimiyyətinin başçısı mer olmalı, bələdiyyə üzvləri və mer Bakıda qeydiyyatda olan və daimi yaşayan seçicilər arasından 5 il müddətinə seçilməlidir.
Novator.az-ın məlumatına görə, Respublikaçı Alternativ Partiyasının Bakıda böyük şəhər bələdiyyəsi yaratmaq təklifini alqışlayan iqtisadçı ekspert Rövşən Ağayev yazır: “Azərbaycanın demokratikləşməsini, rifah dövlətinə çevrilməsini istəyən bütün siyasətçilər məsələni daha köklü qoymalı, təcili olaraq Azərbaycanda yerli özünüidarə islahatları başladılmalıdır”.
Ekspert yerli özünüidarə islahatlarının ana xətti üçün bu təklifləri irəli sürür: “Yerli səviyyədə əsas rəsmi idarəetmə qurumları bələdiyyələr olmalı, lokal sosial-iqtisadi problemlərin həlli ilə bağlı əsas səlahiyyətlər bu institutun səlahiyyət dairəsinə keçməlidir. Eyni zamanda bələdiyyə üzvlərinin parlament deputatlarının statusuna oxşar statusu olmalıdır.
Bələdiyyə institutuna səlahiyyətlərinə uyğun maliyyə mənbələri təqdim edilməli və onların maliyyə muxtariyyəti tanınmalıdır.
Yerlərdə bütün siyasi qüvvələrin və müstəqil namizədlərin iştirakı ilə azad və ədalətli seçkilərin keçirilməsi üçün hüquqi mühit yaradılmadır”.
Rövşən Ağayevin fikrincə, yerli özünüidarə idarə olunan cəmiyyətdən özünü idarə edən azad cəmiyyətə keçid üçün təməl şərtdir: “Fransız sosioloqu Tokvil deyirdi ki, millət bəlkə də bələdiyyəsiz effektiv idarəetmə yarada bilər, amma bələdiyyəsiz heç bir millətin azad ruhu ola bilməz. Yerli özünüidarə lokal problemləri mərkəzə daşımadan, ən vacib ehtiyacların həlli üçün mərkəzdə oturan məmurun imzasını gözləmədən operativ həll etmək mexanizmidir. Yerli özünüidarə olmayanda ən xırda problemlər böyüyüb ölkə miqyaslı problemə çevrilir, hətta ucqar kənddə belə yolun çəkilməsi üçün ölkə prezidentinin müdaxiləsini tələb edir. Dövlətin strateji qərarlarına məsul ali ranqlı şəxsi 3500-4000 kəndin, 75-80 şəhərin lokal sosial-iqtisadi problemləri ilə yormağa ehtiyac yoxdur.
Yerli özünüidarə təkcə ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün vacib institut deyil. Bu təsisatlarda həmçinin ölkənin nəhəng kadr bankı formalaşır, onların bir çoxu sonradan ölkənin taleyini həll edən insanlara çevrilir. Yerli özünüidarə olmayanda böyük bir insan potensialı itirilir.
Bələdiyyə təsisatı çoxpartiyalı sistemə və son nəticədə cəmiyyətdə iştirakçılıq vasitəsilə demokratiya və plüralizmə də təminat verir. İqtisadi inkişafı və demokratiyanı eyni anda bir araya gətirən elə bir ölkə yoxdur ki, buna yerli özünüidarə olmadan çatsın. İslahat təbliğatının önünə bu mövzu keçməlidir”.