Martın 28-i Avstriyanın paytaxtı Vyanada Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan bir araya gəliblər. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar müzakirə olunub.
Martın 29-u Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olacaq. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq nəzərdə tutulur.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Novator.az bildirir ki, Azərbaycan və Ermənistan liderlərinin intensiv ikitərəfli təmasları 1998-ci ildə başlayıb. Həmin vaxtdan 2017-ci ilin sonunadək Azərbaycan və Ermənistan liderləri 54 görüş keçiriblər. Bunun 23-ü prezidentlər Heydər Əliyevlə Robert Köçəryanın görüşləri, 9-u prezidentlər İlham Əliyevlə Robert Köçəryanın görüşləri, 22-si prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın görüşləri olub.
Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyan Azərbaycan prezidenti ilə iyunun 14-ü Rusiyanın paytaxtı Moskvada, dünya futbol çempionatının açılışı günü tanış olub. Onları rəsmi qəbul zamanı Rusiya prezidenti Vladimir Putin bir araya gətirib.
2018-ci il sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti zamanı İlham Əliyevlə Nikol Paşinyan arasında ilk söhbət olub. Prezident və baş nazir təmas xəttində, eləcə də sərhəddə atəşkəs rejiminin möhkəmlənməsi barədə razılığa gəliblər.
MDB liderlərinin dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən zirvə toplantısında İlham Əliyevlə Nikol Paşinyan yenə görüşüblər. Onlar danışıqların davam etdirilməsi, atəşkəs rejiminin möhkəmləndirilməsi, əsir və girovların dəyişdirilməsi məsələlərini müzakirə ediblər.
Bu il yanvarın 22-də isə İlham Əliyevlə Nikol Paşinyan İsveçrənin Davos şəhərində bir araya gəliblər. Qeyri-rəsmi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin vəziyyətinə toxunulub.