Prezident İlham Əliyev martın 28-dən Avstriyada işgüzar səfərdədir. Həmin gün o, paytaxt Vyanada Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirən İlham Əliyev bu ölkəyə səfərinin əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Söhbət zamanı Azərbaycanla Avstriya arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərinə toxunulub, bu çərçivədə iki ölkənin dövlət qurumları və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmi qeyd olunub.
İlham Əliyev martın 29-u Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq nəzərdə tutulur.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə, dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində, bu il yanvarın 22-si İsveçrənin Davos şəhərində danışıqlar aparıb.