2019-cu il martın 20-də Nursultan Nazarbayev Qazaxıstan prezidenti postundan getdi. 1940-cı il təvəllüdlü Nursultan Nazarbayev 1989-cu il iyunun 22-də Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, yəni respublika rəhbəri seçilmiş, 1990-cı ildən eyni zamanda Qazaxıstan SSR Ali Sovetinin sədri postunu tutmuşdu. 1990-cı ildən prezident idi.
Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərini 1953-cü il təvəllüdlü Qasım-Comərd Tokayev icra edir. Ölkədə növbəti prezident seçkisi 2020-ci ilin yazında keçiriləcək.
Martın 20-dək keçmiş SSRİ məkanında ən yaşlı və stajlı dövlət başçısı Nursultan Nazarbayev idi.
Novator.az bildirir ki, hazırda veteranlar siyahısında liderlik Tacikistan prezidenti İmaməli Rəhmana keçib. 1952-cı ildə doğulan İmaməli Rəhman 1992-ci ildən dövlət başçısıdır. 1994-cü ildən prezident postunu tutur.
Belarusun dövlət başçısı Aleksandr Lukaşenko 1954-cü ildə anadan olub. 1994-cü ildən prezident kürsüsündədir.
Rusiya prezidenti Vladimir Putin 1952-ci ildə doğulub. 2000-2008-ci illərdə prezident, 2008-2012-ci illərdə baş nazir olub. 2012-ci ildən yenidən prezidentdir.
1961-ci ildə anadan olan İlham Əliyev 2003-cü ildən Azərbaycan prezidentidir.
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 1957-ci ildə anadan olub. 2007-ci ildən dövlət başçısıdır.
1956-cı il təvəllüdlü Dalya Qribauskayte 2009-cu ildən Litva prezidentidir.
Ukrayna prezidenti Pyotr Poroşenko 1965-ci il təvəllüdlüdür. 2014-cü ildən dövlət başçısı postunu tutur.
1966-cı il təvəllüdlü Raymonds Veyonis 2015-ci ildən Latviya prezidentidir.
Özbəkistan prezidenti Şövkət Mirziyayev 1957-ci ildə anadan olub. 2016-cı ildən dövlət başçısıdır.
1969-cu il təvəllüdlü Kersti Kalyulayd 2016-cı ildən Estoniya prezidentidir.
Moldova prezidenti İqor Dodon 1975-ci ildə doğulub. 2016-cı ildən prezidentdir.
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov 1958-ci ildə anadan olub. 2017-ci ildən dövlət başçısı postunu tutur.
Ermənistan prezidenti Armen Sərkisyan 1953-cü ildə doğulub. 2018-ci ildən prezidentdir.
Gürcüstan prezidenti Salome Zurabişvili 1952-ci ildə doğulub. 2018-ci ildən dövlət başçısı vəzifəsindədir.
Beləliklə, İmaməli Rəhman hazırda keçmiş SSRİ məkanında dövlət başında olan ən stajlı şəxsdir: o, 27 ildir Tacikistana rəhbərlik edir.
20 ildən çox dövlətə başçılıq edənlər arasında ondan savayı yalnız bir nəfər var: Aleksandr Lukaşenko. 25 ildir prezidentdir.
Keçmiş SSRİ məkanında prezidentlik müddəti 10 ili ötmüş üç nəfər var: Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov.