Prezident İlham Əliyev martın 20-də Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevə zəng edib. O, Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, firavanlığı və əmin-amanlığının təmin olunması istiqamətində yorulmaz səylər göstərdiyini vurğulayıb, sabiq prezidentə gələcək fəaliyyətində uğurlar arzulayıb. İlham Əliyev və Nursultan Nazarbayev Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Novator.az bildirir ki, Nursultan Nazarbayev martın 20-dən prezident vəzifəsindən öz istəyi ilə gedib.
1940-cı il iyulun 6-da Almatı vilayətində doğulan Nursultan Nazarbayev Karaqanda Dövlət Sənaye Universitetini bitirib. Uzun illər metallurgiya sahəsində, komsomol və partiya orqanlarında çalışıb.
1979-cu ildən ali dövlət vəzifələri tutub. Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Nazirlər Sovetinin sədri olub.
1989-cu il iyunun 22-də Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1990-cı ildən eyni zamanda Qazaxıstan SSR Ali Sovetinin sədri postunu tutub. 1990-cı ildən prezident idi.
Dövlət başçısı postundan getsə də, Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri, Konstitusiya Şurasının üzvü, hakim Nur Otan Partiyasının lideri vəzifələrində qalır.
Martın 20-də Qasım-Comərd Tokayev parlamentdə and içərək Qazaxıstanın ikinci prezidenti olub. Qasım-Comərd Tokayev martın 20-dək parlamentin yuxarı palatasının – Senatın sədri idi.
Ölkədə növbəti prezident seçkisi 2020-ci ilin yazında keçiriləcək.
Azərbaycan prezidenti İlham Əliyev Qasım-Comərd Tokayevə zəng edərək təbriklərini çatdırıb, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
1953-cü ildə doğulan Qasım-Comərd Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Xarici işlər naziri (1994-1999, 2002-2007), baş nazir (1999-2002), Senatın sədri (2007-2011, 2013-2019), BMT baş katibinin müavini (2011-2013) vəzifələrini tutub.