Martın 20-də televiziya ilə xalqa Novruz təbriki ilə müraciət edən prezident İlham Əliyev Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini vurğulayıb: “Azərbaycan bir çox ölkə ilə səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir.
Keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı. Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, çox önəmli məsələdir, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var.
Münaqişənin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda Minsk qrupunun həmsədr ölkələrinin səfirləri – Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etdilər. Yəni bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub: “İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıb. Bu bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Ciddi islahatlar üzərində işlər keçən il prezident seçkisindən sonra başlayıb. Çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırır. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artıb. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artıb. Köçkünlərə verilən müavinət 50 faiz artıb. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı çox ciddi fərman imzalanıb. Bu fərman 800 min insanı əhatə edir. Yəni Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır.
Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaq. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artıb. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artıb. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir.
İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, – artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, – təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir”.