Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 18 mart iclasında “Banklar haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Plenar iclasa tövsiyə edilən qanun layihəsi kredit müqavilələri üzrə faiz dərəcələrinin, komissiya haqlarının və bank xidmətləri üçün digər ödənişlərə yuxarı hədd qoyulmasını nəzərdə tutur. Bu səlahiyyətin Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcəyi bildirilir.
Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yenilik təşəbbüsü barədə belə yazır: “Azərbaycanda kreditlər çox bahadır. Amma bunun əsas səbəblərindən biri bankların cəlb elədiyi resursların bahalığıdır. Hazırda bank sektoru üzrə resursların 65%-i (maliyyə institutlarının depozitləri nəzərə alınmadan) depozitlərdən formalaşır. Depozitlərin, xüsusilə milli valyutada depozitlərin faizlərinin xeyli yüksək olduğu hər kəsə məlumdur.
Bazar qanunlarının effektiv çalışdığı, bank sektorunda rəqabət mühitinin yüksək səviyyədə təmin edildiyi şəraitdə əməliyyatlar üzrə faiz dərəcələri, açıq bazar əməliyyatları, kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi kimi alətlər, effektiv borc bazarının fəaliyyət göstərməsi iqtisadiyyatda ucuz resursların yaranmasına imkan yaradar. Kredit faizləri üçün maksimum hədd müəyyənləşdirmək siyasəti Mərkəzi Bankın əlində olan rıçaqların işləmədiyinin etirafıdır. Rəsmi inflyasiyanın 2% olduğu iqtisadiyyatda 9% uçot dərəcəsi olarsa, banklar ucuz kredit verməkdənsə öz resurslarını daha sərfəli gəlirlilik şərtləri ilə dövlət qiymətli kağızlar bazarına, depozit hərraclarına yönəldər. Bu tip düyün nöqtələri necə çözüləcək?
Kredit faizlərinə yuxarı hədd müəyyən etməklə bərabər qanunvericiliyə bankların resurslara ədalətli çıxışı üçün də mexanizmlər gətirilməlidir. Məsələn, dövlət resurslarının banklarda yerləşdirilməsi, dövlət vəsaitlərinin xidmət haqqı müqabilində benefisiarlara çatdırılması üçün bütün banklara adil hüquqi şərtlər təmin edilməlidir.
Daha açıq desək, pensiyaların, büdcə maaşlarının və subsidiyaların paylanması, dövlət təşkilatlarına maliyyə xidmətləri göstərmək yalnız kiçik bir qrup bankın imtiyazı, təminatlı gəlir mənbəyi olmamalıdır”.
Digər iqtisadçı Samir Əliyev də qeyd edir ki, kredit faizlərinin yüksək olmasının əsas səbəbi resursların bahalığıdır: “Depozitlərdən yüksək asılılıq kredit faizlərinin depozit faizlərindən asılılığına gətirib çıxarır. Hazırda banklarda kredit və depozit faizləri arasındakı fərq 5% ətrafındadır. Milli valyutada olan əmanətlərin illik faiz dərəcəsi 14-15%-ə gəlib çatırsa, kreditlərin faiz dərəcəsi heç bir halda 20%-dən aşağı olmayacaq. Deməli, kreditlərin ucuzlaşmasına depozitləri ucuzlaşdırmaq yolu ilə nail olmaq mümkündür. Bunun üçün maliyyə sabitliyi dayanıqlı olmalı, dövlət resursları daha çox bank arasında bölüşdürülməli, mərkəzləşdirilmiş kreditlərin həcmi və əhatə dairəsi genişlənməlidir.
Ancaq nəzərə almaq lazımdır ki, depozitlər ucuzlaşdıqdan sonra əmanətçilərin davranışını proqnozlaşdırmaq da çətindir. Ən azı manatın məzənnəsinin sabitliyi ilə bağlı əhalidə əminliyin tam olmaması fonunda aşağı faizli əmanət qoyuluşunun cəlbediciliyi azalır və gələcəkdə banklar resurs qıtlığı ilə üzləşə bilərlər.
Digər problemlər də aradan qalxmalıdır: girov mexanizmlərinin mürəkkəbliyi, məhkəmə qərarlarının qeyri-obyektivliyi, real sektorda riskin yüksək olması… Bu problemləri həll etmək əvəzinə inzibati yolla xidmətləri tənzimləmək fayda verməz.
Ölkədə bazar münasibətləri varsa, iqtisadiyyatın pulla təminatı da bazar alətləri və institutları vasitəsilə təmin edilməlidir. Dövlətin müdaxiləsi birbaşa yox, iqtisadi rıçaqlar vasitəsilə olmalıdır. Onsuz da sahibkarlıqda özəl sektorun rolu getdikcə azalır, dövlət isə prosesdə ya birbaşa, ya da qiymətləri inzibati qaydada tənzimləmək yolu ilə iştirak edir. Belə şəraitdə dövlət büdcəsinin yükü artır, vəsaitlərdən istifadənin şəffaflığı və səmərəliliyi azalır, rəqabət mühiti pozulur.
Təcrübədə bankların xidmət haqlarının süni şəkildə artırması halları mövcud olub. Hətta müştərilərə göstərilən digər xidmətlərə görə də əlavə haqq tələb edilməsi müşahidə edilir. Belə hallar qanuna dəyişiklik etmək istəyənlərin mövqeyini gücləndirir. Ancaq ölkədə 30 bank fəaliyyət göstərir və müştərilərin imkanı var ki, haqsız tarif tətbiq edən banklarla əməkdaşlığı dayandırsın. Kredit faizləri isə ancaq iqtisadi rıçaqlar vasitəsilə aşağı salına bilər. Kim zəmanət verə bilər ki, ucuz dövlət resurslarına asan çıxışı olan banklardakı aşağı kredit faizlərini əsas götürüb bütün banklara faiz tavanı tətbiq edilməyəcək? Ona görə də parlament bu dəyişikliyi etməkdən vaz keçməli və imkan verməlidir ki, kredit faizlərini və xidmət haqlarını bazar tənzimləsin”.
İqtisadçı Azər Mehtiyev yazır ki, problem kredit faizlərinin yüksək olması deyil, kreditin qiymətinin yüksək olması mövcud problemin fəsadıdır: “Faiz dərəcələrinin yuxarı həddinin inzibati yolla təyin edilməsi problemin həlli ola bilməz. Təklif edilən dəyişiklik kredit bazarında canlanma yaratmaq əvəzinə proseslərin bir qisminin qara bazara keçməsinə gətirib çıxarı bilər.
Bank sektorunda kredit faizlərinin yüksək olması müvafiq xidmətlər üzrə risklərin çox yüksək olması ilə birbaşa bağlıdır. Bunun təməlində mülkiyyət hüquqlarının qorunmasına zəmanətin olmaması, ədalətli və müstəqil məhkəmə sisteminin yoxluğu kimi amillər dayanır. Həmin risk amillərini aradan qaldırmaq üçün çalışmaq, bank sektorunda normal rəqabət mühitini təmin etmək əvəzinə sosial məqsədlər adı altında səlahiyyətlərin genişləndirilməsinə nail olmaq ölkə iqtisadiyyatının inkişafına xidmət etmək deyil. Belə addımlar iqtisadi inkişafa yox, tənəzzülə apara bilər”.