Ermənistan paytaxtı Yerevanda ilkin məhkəmə sabiq prezident Robert Köçəryanın həbs müddətini iki ay uzadıb. Novator.az-ın məlumatına görə, qərar martın 15-də Xüsusi İstintaq Xidmətinin vəsatəti əsasında çıxarılıb.
Xüsusi İstintaq Xidməti Robert Köçəryan, general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyanın cinayət işləri üzrə ilkin araşdırmanı ötən ay tamamlayıb.
Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildən Ermənistanın baş naziri olub, 1998 və 2003-cü illərdə prezident seçilib.
2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2018-ci ildə Serj Sərkisyanın ardınca hakimiyyətə Nikol Paşinyan gəldikdən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, ötən il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.
Paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxıb. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib. Sabiq prezident Yerevandakı “Kentron” cinayət-icra müəssisəsində saxlanır.
İstintaqın gedişində sabiq prezidentə yeni ittiham irəli sürüb. Robert Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.
Mart qırğını zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş general-polkovnik Seyran Ohanyana dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürülüb. Ondan Ermənistanı tərk etməmək iltizamı alınıb.
Mart qırğını zamanı müdafiə nazirinin müavini vəzifəsini tutmuş general-polkovnik Yuri Xaçaturov da dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittihamı olunur. 2018-ci ilin iyul ayında həbsinə vəsatət verilmiş Yuri Xaçaturovu məhkəmə pul girovu müqabilində azadlığa buraxıb.
Mart qırğını zamanı Prezident Administrasiyasının rəhbəri olmuş Armen Gevorkyan dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətində iştirakda, xüsusilə külli miqdarda rüşvət almaqda və qanunsuz yolla əldə edilmiş külli miqdarda gəliri leqallaşdırmaqda təqsirləndirilir. Ondan Ermənistanı tərk etməmək iltizamı alınıb.
Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri general-polkovnik Mikael Arutunyanı da mart qırğınında təqsirli bilir. O, Rusiyada yaşayır.