Milli Məclisin 15 mart iclasında Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat təqdim olunub. Hesabat məruzəsi ilə çıxış edən baş nazir Novruz Məmmədov deyib ki, ötən il dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosial xərclərin payına düşüb, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çoxdur.
Onun sözlərinə görə, ötən il əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını və ya onların 94 faizini əhatə edib, pensiyaların orta aylıq məbləği əvvəlki illə müqayisədə 6,2 faiz artıb.
Novruz Məmmədov bildirib ki, özünüməşğulluq proqramının əhatə dairəsinin il ərzində 6,5 dəfə genişləndirilməsi 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyətinin yüksəldilməsinə imkan verib.
Baş nazir hesabat ilində şəhid hərbi qulluqçuların ailə üzvlərinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsinə başlandığını və ilin sonuna 34 milyon manat vəsait ödəndiyini xatırladıb, əlillərə və şəhid ailələrinə 626 mənzil verildiyini, 265 nəfər imtiyazlı şəxsin pulsuz minik avtomobili ilə təmin olunduğunu vurğulayıb.
Xəbəri AZƏRTAC yayıb.
Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyəti haqqında hesabat verməlidir.
Azərbaycan Konstitusiyasına görə, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazir və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.
Nazirlər Kabinetinin tərkibində 17 nazirlik, 8 dövlət komitəsi, 5 xidmət, 3 agentlik, 1 idarə var.
Konstitusiyada Nazirlər Kabinetinin statusu prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub. Ana qanuna görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Prezidentə tabe olan, onun qarşısında cavabdehlik daşıyan qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.