Prezident yanında Apellyasiya Şurasının statusunda dəyişikliklər edilib.
Şura prezidentin 3 fevral 2016-cı il fərmanı ilə yaradılıb, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuralarının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizmini tənzimləyir.
Novator.az-ın məlumatına görə, prezident İlham Əliyev martın 12-də 3 fevral 2016-cı il fərmanına yeni hissə əlavə edib. Həmin hissəyə əsasən, icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər.
Prezident yanında Apellyasiya Şurası haqqında əsasnamədə dəyişikliyə görə, “inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciət” dedikdə icra hakimiyyəti orqanları arasında səlahiyyətlərin mənsubluğu, bölüşdürülməsi və həyata keçirilməsi ilə bağlı yaranmış mübahisə üzrə aidiyyəti inzibati orqanın həmin mübahisənin yaranmasına səbəb olmuş digər inzibati orqanın qərarlarından, digər hərəkətlərindən və ya hərəkətsizliyindən şuraya verdiyi yazılı müraciət başa düşülür.
Mübahisənin yaranmasına səbəb olmuş qərarın qəbulu, digər hərəkətin edilməsi və ya hərəkətsizliyi barədə digər inzibati orqana məlum olduğu və ya məlum olmalı olduğu gündən 90 gün müddətində sonuncu inzibati orqan mübahisənin yaranmasına səbəb olmuş qərarı qəbul etmiş, digər hərəkəti və ya hərəkətsizliyi etmiş inzibati orqana məsələ ilə bağlı yazılı müraciət etməlidir. İnzibati orqan ona təqdim olunmuş yazılı məlumatdan razı qalmadığı və ya müraciətin nəticəsiz qaldığı hallarda inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə Prezident yanında Apellyasiya Şurasında baxılır.