Martın 12-si Xankəndidə Ermənistan Təhlükəsizlik Şurasının və işğalçı Dağlıq Qarabağ rejiminin eyni strukturunun birgə iclası keçirilib. Novator.az-ın məlumatına görə, iclasa Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Ararat Mirzoyan, müdafiə və xarici işlər nazirləri, Milli Təhlükəsizlik Xidmətinin, Silahlı Qüvvələrin Baş Qərargahının rəisləri, Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyan və onun məmurları qatılıb.
Nikol Paşinyan iclasda Dağlıq Qarabağ münaqişəsinə toxunaraq yenə danışıqların formatı məsələsini qaldırıb. O deyib ki, Ermənistan Dağlıq Qarabağın sülh danışıqlarında birbaşa iştirakında israr edir. Baş nazir danışıqlarda Ermənistanı təmsil etdiyini, Dağlıq Qarabağın öz hakimiyyəti olduğunu vurğulayıb.
Bako Saakyan çıxışında Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasının əsas məsələ olduğunu qeyd edib. O deyib ki, Ermənistan və Dağlıq Qarabağın təhlükəsizlik şuralarının ilk dəfə Qarabağda birgə toplantı keçirməsi bu məsələnin müzakirəsi baxımından əhəmiyyətlidir.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə, dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində, bu il yanvarın 22-si İsveçrənin Davos şəhərində danışıqlar aparıb.
Nikol Paşinyan hökumətinin xarici işlər naziri Zöhrab Mnasakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla indiyəcən dörd dəfə görüşüb. Onlar ötən il iyulun 11-i Belçikanın paytaxtı Brüsseldə, sentyabrın 26-sı ABŞ-ın Nyu-York şəhərində, dekabrın 5-i İtaliyanın Milan şəhərində, bu il yanvarın 16-sı Fransanın paytaxtı Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.
Nikol Paşinyan hakimiyyətə gələndən bəri danışıqların formatı məsələsini qaldırır, Dağlıq Qarabağ rejiminin sülh danışıqlarında birbaşa iştirakını tələb edir. Azərbaycan qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu bildirir.