Teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsi yönündə addım atılıb. Prezident İlham Əliyevin 11 mart sərəncamı ilə dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılır. Sərəncamın icrası Mədəniyyət Nazirliyinə, Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə tapşırılıb.
Dövlət başçısı İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə qeyd edib ki, teatr işçilərinin maaşlarını əhəmiyyətli dərəcədə artırmağa ehtiyac var. O, aparıcı teatrlara maddi dəstək də vəd edib. Martın 4-də o, Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlərə sərəncam verib. Sənədə əsasən, 2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon manat, o cümlədən Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı və Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat ayrılıb.