Rusiyanın “RİA Novosti” agentliyi ölkənin təhsil sahəsində çalışan işçilərin maaşı ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb. Novator.az bildirir ki, araşdırmaya görə, Rusiyanın təhsil sektorunda 5,5 milyon nəfər çalışır. Tədqiqat zamanı bütün təhsil səviyyələrində (uşaq bağçasından ali məktəbə qədər) işləyən müəllimlərin və digər kadrların 2018-ci ilin 11 ayı üzrə orta gəlirləri nəzərə alınıb.
Təhsil müəssisələrində işləyənlərin orta maaşı 30 min rubl (735 manat) göstərilir. Ümumən ölkədə orta əməkhaqqı 37,8 min rubl (926 manat) olub.
Hesabata əsasən, təhsil sahəsində çalışanların 12,3%-i 50 min rubldan çox maaş alır.
Reytinq cədvəlinə paytaxt Moskva başçılıq edir. Ölkə üzrə 50 min rubldan çox əməkhaqqı alan təhsil işçilərinin 59,5%-i paytaxtın payına düşür.
İkinci yerdə Çukot Muxtar Mahalı (49,9%), üçüncü yerdə Yamalo-Nenetsk Muxtar Mahalı (45,1%) gəlir.
Sonrakı yerlərdə Maqadan vilayəti (38,7%), Kamçatka diyarı (37,1%), Saxalin vilayəti (36,6%) və Sankt-Peterburq şəhəri (34,4%) qərarlaşıb.
Reytinqin nəticələrinə görə, ümumilikdə ölkənin 10 bölgəsində təhsil işçilərinin 30%-dən çoxunun maaşı 50 min rublu aşır. Daha 11 bölgədə bu göstərici 10,3%-dən 25,6%-ə qədər dəyişir.
Açıqlamaya əsasən, Altay diyarı və Dağıstanda təhsil işçilərinin yarıdan çoxunun əməkhaqqı 15 min rubldan azdır.
Şimali Qafqazda və Volqaboyu regionunda, Smolensk vilayətində, Çeçenistanda, Kirov və Rostov vilayətlərində təhsil işçilərinin 50%-ə qədəri, Şimali Osetiyada 54%-i 15 min rubldan az maaş alır.
Səidə Hüseynova