Ermənistanın baş naziri Nikol Paşinyan martın 11-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəlib. Novator.az-ın məlumatına görə, Xocalı yaxınlığındakı hava limanında baş naziri və həyat yoldaşını Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan qarşılayıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün hərbi təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 25 ildir aparılan sülh danışıqları heç bir nəticə vermir.
Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Skofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) martın 9-da Azərbaycan və Ermənistan liderlərinin gözlənən görüşünə dair bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, həmsədrlər liderlərin görüşü üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparır: “Bu, iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş olacaq”.
Həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səsləyib.
Bəyanata görə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi prinsipləri üzərində qurulmalı, həmçinin Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi elementlərini ehtiva etməlidir.
Həmsədrlər vurğulayıblar ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir: “Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək”.
Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə, dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində, bu il yanvarın 22-si İsveçrənin Davos şəhərində danışıqlar aparıb.
Nikol Paşinyan hökumətinin xarici işlər naziri Zöhrab Mnasakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla indiyəcən dörd dəfə görüşüb. Onlar ötən il iyulun 11-i Belçikanın paytaxtı Brüsseldə, sentyabrın 26-sı ABŞ-ın Nyu-York şəhərində, dekabrın 5-i İtaliyanın Milan şəhərində, bu il yanvarın 16-sı Fransanın paytaxtı Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.
Nikol Paşinyan hakimiyyətə gələndən bəri danışıqların formatı məsələsini qaldırır, Dağlıq Qarabağ rejiminin sülh danışıqlarında birbaşa iştirakını tələb edir. Azərbaycan qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu bildirir.